Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə
idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana
bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır,
nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə
məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır
və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu
münaqişəni özü həll edib.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.
Dövlət başçısı bildirib:
“ATƏT, hansı ki, Minsk qrupuna mandat vermişdir. ATƏT də yeni
reallıqları tam qəbul edib. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan
sədri ilə mənim görüşüm olub və görüş bir daha onu göstərdi ki,
ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar
hadisədir. ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən dərhal sonra
Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların
Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi və o
görüşlə bağlı mətbuatda kifayət qədər məlumat var, təkrar etmək
istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı olub. Biz müzakirə
zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni
fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik.
Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi
və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə
də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə
sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu
haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha
demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü
həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna
münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure
qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Müharibədən
keçən dövr ərzində – son Rusiya-Ukrayna müharibəsinə qədər olan
dövr ərzində biz bu məsələ ilə bağlı öz fikirlərimizi bildirmişdik.
Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə
müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz
bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ
münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ
inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq
istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir
ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif
verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər
formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq
bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə
olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən
söhbət gedə bilməz. Hesab edirəm ki, ATƏT bir mötəbər beynəlxalq
təşkilat kimi öz rolunu oynaya bilər. Bu yaxınlarda qeyd etdiyim
kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında mən
bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media
nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən
şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format
çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan
əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq
Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat,
bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki,
qəbulediləndir.
Eyni zamanda, Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən
sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da
postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı
Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və
aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında
məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq
istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan
ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı
yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və
“münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur.
Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı
Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və
son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu
məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə
arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət
təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət
yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar
verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə
olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım
ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi
bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından
əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, – bu, aprel
görüşündə təsdiqləndi, – bu məsələlər bu 5 prinsipin tərkib
hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli
əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki,
həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi
qrupları yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və
Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın
tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də
olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə
arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik
göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm,
bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin
delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq
işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair
işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox
böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz
bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə
başlayaq”.