Prezident İlham Əliyev: İqtisadi cəhətdən tamamilə müstəqilik, heç bir kreditə ehtiyacımız yoxdur

Biz indi dünyada nadir ölkələrdənik ki, heç kimdən asılı
deyilik, iqtisadi cəhətdən tamamilə müstəqilik, heç bir kreditə
ehtiyacımız yoxdur.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də
Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin
başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda
qəbul edərkən deyib.

Dövlə başçısı bildirib:

“Bir sözlə, baxmayaraq ki, biz böyük uğurlara nail olmuşuq, ölkə
qarşısında problemlər kifayət qədər çoxdur və yerlərdəki bu
problemlərin həlli böyük dərəcədə məmurlardan asılıdır. Çünki
dövlət və hökumət öz üzərinə nə düşürsə, onu edir. Eyni zamanda,
qanunvericilik orqanımız – Milli Məclis qanunlar qəbul edir.
Prezident sərəncamlar imzalayır, dövlət proqramları qəbul edilir.
Hökumət gündəlik fəaliyyətdə islahatların dərinləşməsi ilə bağlı
addımlar atır. Yəni, bütün lazımi tədbirlər görülür. Bundan əlavə,
bizim uğurlu siyasətimiz nəticəsində əldə edilmiş maliyyə
resursları buna imkan verir. Biz indi dünyada nadir ölkələrdənik
ki, heç kimdən asılı deyilik, iqtisadi cəhətdən tamamilə
müstəqilik, heç bir kreditə ehtiyacımız yoxdur. Əksinə, mən
göstəriş vermişəm ki, xarici dövlət borcumuz ildən-ilə azalsın və
keçən ilin nəticələrinə görə, ümumi daxili məhsulun cəmi 17 faizini
təşkil edir. Mən göstəriş vermişdim ki, onu 15, 12, 10 faizə
endirək. Yəni, bizim qarşımızda indi maliyyə problemlərimiz yoxdur
desəm, səhv olar. Ancaq, eyni zamanda, bütün bu işləri özümüz
görürük. O cümlədən Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç
kimdən bir manat yardım, yaxud da ki, kredit almamışıq. Yəni, bu,
onu deməyə əsas verir ki, sadəcə olaraq, yerlərdə işlər düzgün
təşkil olunduqda problemlər də öz həllini tapacaq”.

Teqlər: