Prezident İlham Əliyev İmran Xana təbrik məktubu göndərib

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri
İmran Xana təbrik məktubu göndərib.

AzerTimes xəbər verir ki,
məktubda deyilir:

“Hörmətli cənab Baş nazir,

23 mart − Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş
arzularımı yetirirəm.

Qardaş xalqlarımızın ortaq tarixi, dini köklərindən qaynaqlanan
və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan
əlaqələrinin mövcud vəziyyəti bizi sevindirir. Biz qarşılıqlı
etimad üzərində qurulmuş münasibətlərimizin inkişafına böyük
əhəmiyyət veririk. Ölkələrimizin beynəlxalq təşkilatlar
çərçivəsində bir-birinə göstərdiyi dəstəyi xüsusi qeyd etmək
istəyirəm.

Vətən müharibəsi dövründə Pakistanın sərgilədiyi prinsipial
mövqeyi, ölkəmizin haqq işinə verdiyi siyasi-mənəvi dəstəyi
Azərbaycan xalqı daim yüksək qiymətləndirir. Biz işğaldan azad
edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa
işlərində Pakistan şirkətlərini də görmək istərdik.

Bu gün iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, təhsil
və hərbi-texniki sahələrdə Azərbaycan-Pakistan əməkdaşlıq
münasibətlərinin genişləndirilməsi üçün əlverişli şərait mövcuddur.
Əminəm ki, bu imkanlardan istifadə edərək dövlətlərarası
münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli
əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə
davam edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və
firavanlıq arzulayıram”.

Teqlər: