Prezident İlham Əliyev: Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik

Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının
inkişafının planlaşdırılması mərhələsindəyik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 6-da
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru
Qu Donqyunu videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Biz FAO ilə Azərbaycan arasında tərəfdaşlığın səviyyəsindən çox
məmnunuq. Yeddi il əvvəl imzalanmış razılaşma faktiki olaraq
əməkdaşlığımızın yeni formatını yaratdı. Ümidvarıq ki, qarşıdakı
illərdə biz bu səmərəli tərəfdaşlığı davam etdirəcəyik, xüsusilə
indi – hər bir ölkə, o cümlədən Azərbaycan üçün ərzaq
təhlükəsizliyi ilə bağlı məsələlərin getdikcə daha çox əhəmiyyət
kəsb etdiyi bu çətin zamanda. Çünki kənd təsərrüfatı məhsullarının
ixracında artım olduğuna baxmayaraq, biz hələ də kənd təsərrüfatı
məhsullarını idxal edirik. Ona görə də, düşünürəm ki, bu, bizim
ərzaq təhlükəsizliyi ilə bağlı gələcək planlarımızı, ümumi regional
inkişafı müzakirə etmək və yeni çağırışları həll etmək baxımından
vacibdir.

Görüşümüz zamanı qaldırmaq istədiyim məsələlərdən biri də
işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı ilə
bağlı planlarımızdır. Azərbaycan ərazilərinin işğaldan azad
edilməsi nəticəsində hazırda biz infrastrukturun, o cümlədən kənd
təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin
aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd
təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin
fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də
ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var.
Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının
inkişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin
dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək”.

Teqlər: