Prezident İlham Əliyev: Ermənistanda cəmi bir və ya iki rus məktəbi var, onlar da hərbçilər üçündür

Ermənistanda cəmi bir və ya iki rus məktəbi var, onlar da
hərbçilər üçündür.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya
Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS
agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin
rəhbərləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“Rus dilində təhsilə gəldikdə, bəli, bu, düşünülmüş siyasətdir.
Təbii ki, biz bunu, ilk növbədə, özümüz üçün edirik, rus dilində
təhsil almaq istəyənlərin – həm azərbaycanlıların, həm
qeyri-azərbaycanlıların belə imkanları olsun. Bizim rus sektoru
dediyimiz məktəblərə tələbat çoxdur və dediyim kimi, həmin
məktəblərdə həm azərbaycanlılar, həm də qeyri-azərbaycanlılar – 140
mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox
Azərbaycan vətəndaşı təhsil alır. Arayış üçün deyim ki,
Ermənistanda erməni millətinin uşaqlarının qeyri-erməni
məktəblərində təhsil alması, ya qanunvericiliklə, ya da hansısa
təlimatlarla ümumiyyətlə qadağan edilib. Bildiyimə görə,
Ermənistanda cəmi bir və ya iki rus məktəbi var, onlar da hərbçilər
üçündür. Necə deyərlər, baxın görün kim kimdir. Odur ki, əlbəttə,
dünən imzalanmış Bəyannamədə humanitar əməkdaşlıq haqqında bənd də
var, bu, qarşılıqlı əməkdaşlıqdır. Moskvaya səfərdən əvvəl mənə
arayış verildi, orada deyilir ki, Rusiyada da təqribən 80 məktəbdə
Azərbaycan dili bölməsi var. Biz bunu çox alqışlayırıq ki,
azərbaycanlılar və Rusiya vətəndaşları, burada işləyənlər, onların
uşaqları da öz dillərində təhsil ala bilsinlər. Yəni, bu qarşılıqlı
proses tamamilə əməkdaşlıq ruhundadır və düşünürəm ki, Timur dediyi
kimi, postsovet məkanındakı digər ölkələrlə müqayisədə, bu,
məsələyə necə yanaşmaq nümunəsidir. Bu, təkcə təhsilə yox,
bütövlükdə rus dilinə münasibətə aiddir. Azərbaycanda dövlət ali
təhsil müəssisəsi var – Slavyan Universiteti, orada, ilk növbədə,
rus dili öyrənilir, rus dili və digər slavyan dilləri üzrə
müəllimlər hazırlanır”.

Teqlər: