Bizim Ermənistana təqdim etdiyimiz beş prinsip beynəlxalq
hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 31-də
Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri
Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən
deyib.
Dövlət başçısı bildirib:
“Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və
indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq
vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar
daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu
mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi
məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki,
Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək.
Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn
normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Necə deyərlər,
biz burada velosiped ixtira etmirik. Bütün bu prinsiplər istənilən
ölkələr arasında dövlətlərarası münasibətlərin təməl
prinsipləridir. Qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq
sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin
delimitasiyası – hesab edirəm ki, bunun əsasında Qafqaza sülh
gələcəkdir. Biz bunu istəyirik. Biz Cənubi Qafqazın üç ölkəsi
arasında Cənubi Qafqazda fəal əməkdaşlıq üçün potensialın olduğunu
görürük və hesab edirəm ki, bu, nəinki bu ölkələr üçün, daha geniş
region üçün önəmli olacaq. Əlbəttə ki, bütün bu məsələləri çox
ehtiyatla və vaxtında həll etmək lazımdır. Çox şadam ki, bu və
digər mühüm məsələləri sizinlə müzakirə etmək imkanımız var”.