Prezident İlham Əliyev: Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir, Dağlıq Qarabağ münaqişəsini həll etmişik

Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir.
Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağ
münaqişəsi həll olunub.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın
27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri
ilə görüşdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

“Mən Prezident kimi hər dəfə bu cəhdləri dəf edəndə xalqa
arxalanıram, dövlətimizin gücünə arxalanıram, o cümlədən hərbi,
iqtisadi və siyasi gücünə. 44 günlük Vətən müharibəsi həm
xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz
ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə aparmamışıq.
Biz ermənilərdən fərqli olaraq etnik təmizləmə aparmamışıq. Biz
Ermənistandan fərqli olaraq şəhər və kəndləri yerlə-yeksan
etməmişik. Biz azərbaycanlıyıq, bu, bizə yaraşmaz. Bizim
təfəkkürümüz, bizim adət-ənənələrimiz və dədə-babalardan qalan
miras bunu qoymaz. Bütün dünya bunu gördü ki, azərbaycanlılar necə
məharətlə, peşəkarlıqla, fədakarlıqla və ləyaqətlə vuruşdular, öz
vəzifə borclarını yerinə yetirdilər və Qarabağ münaqişəsini
müharibədən sonra siyasi yollarla həll etdilər. Biz bu məsələni
həll etmişik, Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya
qəbul edir. Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq
Qarabağ münaqişəsi həll olunub. Qaldı ki, Dağlıq Qarabağ inzibati
ərazisinə, bu ərazi Azərbaycan ərazisində yoxdur. Ona görə
beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur və
son Brüssel görüşü bunu bir daha göstərdi. Düzdür, Ermənistanda
indi bu məsələ ilə bağlı yenə də hay-haray qaldırıblar və necə
deyərlər, başlarını divara vururlar, amma bu, reallıqdır və onlar
bu reallıqla barışmağa məcburdurlar”.

Teqlər: