Prezident İlham Əliyev: Əgər sülh müqaviləsindən imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq

Əgər sülh müqaviləsindən imtina etsələr, onda biz də
Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan
edəcəyik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib:

“Hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi
qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret
danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım
deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq.
Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər
və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən
diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir
daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm,
uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran
revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə
çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr,
onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu
rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini
nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım
nəyə gətirib çıxaracaq.

Amma yenə də dediyim bütün bu müsbət məqamlara baxmayaraq, hər
birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor
təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə
çatdırmalıdırlar. Sizin – xaricdə yaşayan azərbaycanlıların bu
sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor
təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz
bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal
qüvvələrinin fiziki hücumlarına baxmayaraq, – onlar yenə də say
çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər,
– azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək
lazımdır”.

Teqlər: