Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında
telefon danışığı olub və bu danışıqlarda xarici işlər nazirləri iki
ölkə liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı ilə
bağlı fikir mübadiləsi aparıblar.
Belə ki, tərəflər Birgə Sərhəd Komissiyasının tərkibinin
parametrlərini razılaşdırıblar. Yaxın vaxtlarda Birgə Sərhəd
Komissiyasının, eləcə də sülh sazişinin hazırlanması üzrə işçi
qrupun iclasının keçirilməsi razılaşdırılıb. Tərəflər humanitar
sahədə addımların davam etdirilməsi ilə bağlı da fikir mübadiləsi
aparıblar.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qalib gəldiyi
ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Cənubi Qafqaz
regionunda yeni reallıqlar yaranıb və Ermənistan bu reallıqlarla
barışmaq məcburiyyətindədir. İki ölkənin xarici işlər nazirləri
arasında əldə olunan razılaşmalar bu reallıqların qəbul edilməsinin
nəticəsi kimi qiymətləndirilə bilər. Onu da qeyd edək ki, əldə
olunan razılaşmalar Azərbaycan Prezidenti İlham Əliyevlə
Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən Brüssel
görüşündən sonra ardıcıl və məntiqli addım oldu.
Bu faktı AzerTimes-a şərh edən israilli siyasi texnoloq Yuri
Boçarov qeyd edib ki, bu razılaşma regionda vəziyyətin
normallaşması istiqamətində daha bir addımdır.
“Azərbaycan sülhsevər dövlətdir və regional problemlərin, o
cümlədən öz ərazi bütövlüyü məsələsinin dialoq yolu ilə həllinə
dəfələrlə çağırışlar edib. Ancaq təxminən 30 il bunu heç kim
eşitmək istəmirdi və Azərbaycan lazım gəldiyi təqdirdə problemi
hərbi yolla həll edə bildiyini bütün dünyaya sübut etməli oldu. Və
bu gün Ermənistanın bütün gecikmələrinə, ləngimələrinə və
demaqogiyasına baxmayaraq, Azərbaycan bəyan edir ki, bütün
məsələləri başqa yolla həll edə bilsə də, danışıqlar masası
arxasında baxmağa hazırdır”, – deyə Y.Boçarov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev doğma torpaqlarını
erməni işğalçılarından azad edərək artıq öz adını əbədi Azərbaycan
tarixinə yazdırıb.
“Bu gün isə o, viran edilmiş torpağı dirçəltməklə ölkə tarixində
yeni səhifələr açır. Təbii ki, Prezidentin bütün siyasəti həmişə
ölkənin, xalqın inkişafına, firavanlığına yönəlib. Amma indi
Prezidentin bütün regionun inkişafına təsir etmək imkanı var və
bunu edir, bu isə Azərbaycanın bütün maraqlı qonşularını və
dostlarını sevindirir”, – Y.Boçarov bildirib.
Onun sözlərinə görə, təəssüf ki, Azərbaycan Ermənistanı sülhə
məcbur etmək durumundadır.
“Hamımız ümid edirik ki, zaman keçdikcə Ermənistan rəhbərliyi
sülhün müharibədən, hətta soyuq müharibədən qat-qat yaxşı olduğunu,
ən əsası isə daha sərfəli olduğunu başa düşəcək və indiki sülhə
məcbur etmə regionda tam sülhə gətirib çıxaracaq”, – deyə Y.Boçarov
bildirib.
Öz növbəsində İsrailə dəstək lobbisinin sədri, vəkil Eli
Naxt AzerTimes-a bildirib ki, Ermənistanla Azərbaycan arasında
sülh prosesi əla xəbərdir.
“Bu proses ilk növbədə iki ölkə arasında birbaşa danışıqlar
kanalının yaradılması sayəsində mümkün olub. Uzun illər ərzində
həddən artıq çox vasitəçi bu münaqişənin hər iki tərəfi üçün heç də
həmişə konstruktiv rol oynamayıb”, – вунэ E.Naxt bildirib.
E.Naxt qeyd edib ki, bu və ya digər şəkildə bu gün dünyanın
sülhə həmişəkindən daha çox ehtiyacı var, bu səbəbdən sülh prosesi
əla xəbərdir və iki liderin praqmatizmindən xəbər verir.