Prezident İlham Əliyev: Dəfələrlə deyirdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq

Mən işğal dövründə dəfələrlə deyirdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

“Bu gün Hadrut əməliyyatı haqqında və bütövlükdə İkinci Qarabağ müharibəsi haqqında danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti və milli qürurumuzu bərpa etdik.

Mən işğal dövründə dəfələrlə deyirdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Ermənistan rəhbərlərinə dəfələrlə deyirdim ki, hələ gec deyil, öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar, rədd olsunlar. Ancaq əfsuslar olsun ki, onların uzun illər ərzində yaydıqları yalana özləri də inanmağa başlamışdılar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarakterli məlumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur. Azərbaycan Ordusu isə müzəffər ordudur!”

Teqlər: