Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi tamamlanıb, lakin bizim işimiz davam edir

Cənub Qaz Dəhlizi tamamlanıb, lakin bizim işimiz davam edir

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Qeyd etdiyim kimi, biz hər növ enerji mənbələri ixrac edirik. Biz ölkə daxilində olan və bizi bütün qonşularımızla birləşdirən elektrik xətlərini şaxələndirmişik. Bizim yaxınlığımızda ixrac bazarları, özü də artan ixrac bazarları var. Məsələn, iqtisadiyyatı artan, əhalisi artan Türkiyə kimi ölkə, düşünürəm ki, bizim üçün əsas bazardır, həmçinin əhalisi eynilə artan İran. Mən Qara dənizin dibi ilə Mərkəzi Avropanı bizim regionumuzla birləşdirən elektrik xətlərinin çəkilməsi ilə bağlı müəyyən planlardan xəbərdaram. Azərbaycan Gürcüstanın elektrik enerjisi təchizatçısı olaraq burada iştirak edə bilər. Bizim burada həqiqətən də böyük potensialımız var.

Biz çox fəal işləyirik, üzərimizə düşəni edirik. Eyni zamanda, şadam ki, Avropa Komissiyası ilə bizim Energetika Nazirliyimiz arasında buna həsr olunmuş xüsusi sessiya keçirilməsi üçün razılıq əldə olunub. Bunu həqiqətən də təqdir etməyə dəyər. Başqa sözlə, Cənub Qaz Dəhlizi tamamlanıb, lakin bizim işimiz davam edir. Biz bir komanda kimi işləməyə davam etməliyik.

Mən bir daha məmnunluğumu ifadə etmək istərdim ki, bu dəfə daha çox iştirakçımız var. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi ilə bağlı məsələlərin nə dərəcədə mühüm olduğunu sübut etməyə ehtiyac yoxdur. Biz hamımız bunu başa düşürük. Əlbəttə ki, Azərbaycan nəhəng neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına malik ölkə olduğundan, sözsüz ki, biz öz məsuliyyətimizi başa düşürük. Sizə deyə bilərəm ki, biz daha yaxşı imkanlar yaratmaq üçün gələcəkdə də məsuliyyətli şəkildə davranacağıq. Bundan əlavə, həmçinin demək istərdim ki, bizim birgə yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına kömək edir, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir”.

Teqlər: