Prezident İlham Əliyev: Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir

Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil
etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir.

AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə
Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini
qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Bir müddət bundan əvvəl elə bu otaqda
gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda
unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər.
Mən onları da gənclər arasında Avropa çempionatında birinci yerlə
bağlı ürəkdən təbrik edərkən demişdim ki, onlar gələcəkdə də bizi
sevindirməlidirlər, böyüklər arasındakı yarışlarda çıxış edərkən bu
uğurları təkrar etməlidirlər. Həm gənclər, həm böyüklər arasında
Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük
nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır
və güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər
dəfə təsdiqləyirik, həm ölkəmizin idman şöhrəti və bütövlükdə
ölkəmizin nüfuzu artır.

Əminəm ki, böyüklər arasında keçirilmiş çempionatda bizim
idmançılarımız da eyni fikirlə, eyni duyğu ilə yarışlara çıxırdılar
və bu yüksək məsuliyyəti dərk edirdilər. Çünki doğrudan da, cəmi 44
gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm
böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və
idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü
göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini
gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq
bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə
aparırdı”.

Teqlər: