Prezident İlham Əliyev: Bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək

Bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf
edəcək.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev martın
3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə
əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Bakı şəhərinin bütövlükdə memarlıq
ansamblı unikaldır. Həm coğrafi yerləşmə, həm Xəzər dənizinin
kənarında yerləşməsi, eyni zamanda, qədim abidələr, tarixi
abidələr, müasir memarlıq nümunələri Bakıda xüsusi bir aura
yaradır. Əminəm, hər gələn qonaq görür ki, Bakıda qədimliklə
müasirlik arasında vəhdət var. Bakı inkişaf edir, böyüyür və son
vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir.
Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar
göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun
gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz
binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə
doğru dəyişmişdir. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var.
Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz,
qanunsuz tikililərin sayı xeyli azalıbdır. Amma hələ də belə hallar
var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları
xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə
sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil
ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna
imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu
məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi
yanaşmalıdır – Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində
yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı
vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək”.

Teqlər: