Prezident İlham Əliyev: Bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir

Bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz
sözünü deyir və bu söz həlledicidir.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın
27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri
ilə görüşdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

“Digər məsələ, biz demişdik ki, Ermənistan ilə Azərbaycan
arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun
qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi
bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Amma nəticə
etibarilə biz buna da nail olduq və artıq Azərbaycan öz işçi
qrupunu müəyyən edib. Daha bir vacib məsələ, Zəngəzur dəhlizinin
açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə
çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına
baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən,
Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq
və mən demişdim ki, nail olacağıq. Yəni, biz gündəliyi diktə
edirik. Nəyin hesabına? Əlbəttə ki, müharibənin nəticələrinin
hesabına. Çünki biz qalib dövlətik, Ermənistan məğlub edilmiş
dövlətdir. Bu reallığı hər kəs qəbul etməlidir və edir. Əlbəttə ki,
bu amil Azərbaycan-Ermənistan təmasları əsnasında ön plandadır.

Digər səbəb nədir? Bizim gücümüz. Ermənistan xarici dəstək
olmadan ayaqda dura bilməz. Bunu onlar da yaxşı bilirlər. Amma biz?
Biz müharibəni bütün təzyiqlərə, hədə-qorxulara rəğmən elə
aparmışıq və istədiyimizə nail olmuşuq. “Öldü var, döndü yoxdur”
demişik, buna əməl etmişik və indi qalib xalq kimi üzümüz ağ,
alnımız açıq yaşayırıq.

Əlbəttə, bu gün postmünaqişə gündəliyinin formalaşmasında
Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir. Amma bununla
bərabər, biz heç bir qeyri-real tələb də irəli sürmürük. Biz
deyirik ki, ərazi bütövlüyümüzü tanıyın, gəlin sərhədləri müəyyən
edək, hərə öz ölkəsində yaşasın, bir-birinin işinə qarışmasın. Biz
bunu deyirik və mənim tərəfimdən irəli sürülmüş sülh müqaviləsi
üçün 5 əsas prinsipin mahiyyəti də budur. O cümlədən bir-birinə
qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır
və Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. İndi nə isə
əlavə etmək istəyir, amma əsas fundamental prinsiplər budur. O ki
qaldı, ermənilərin Azərbaycanda yaşamasına – istər Qarabağ
bölgəsində, istər başqa yerlərdə bu məsələdə heç bir problem
yoxdur. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir.
Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün
hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini
zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda
yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan
digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada
hansısa xüsusi imtiyazdan söhbət gedə bilməz. Bir də ki, dünyada,
Avropada təcrübə var. İndi Avropada müxtəlif konvensiyalar var. Həm
Avropa Şurası ölkələri bu konvensiyalara qoşulublar, həm Avropa
İttifaqı ölkələri çərçivəsində qaydalar və rəsmi sənədlər var.
Orada hər şey göstərilib və biz bu ümumbəşəri trend, yəni, meyil
məcrasında gedirik. Ermənistan əgər hansısa xüsusi tələb irəli
sürərsə bilməlidir ki, bizim də bir çox tələblərimiz ola bilər.
Bax, buraya çox da uzaq olmayan məsafədə bizim qədim torpağımız
Qərbi Zəngəzurdur. Biz Ermənistana qarşı ərazi iddiası ilə çıxış
etmirik ki? Etmirik. Amma əgər onlar bizə qarşı ərazi iddiası ilə
çıxış edəcəksə, biz niyə etməməliyik? Tarix var. Hər kəs açsın
baxsın kitablara, ensiklopediyalara: nə vaxt Qərbi Zəngəzuru bizdən
ayırıb Ermənistana verdilər? 1920-ci ilin noyabrında”.

Teqlər: