Prezident İlham Əliyev: Bu gün Azərbaycanla İsrailin bir sıra mühüm sahələrdə fəal əməkdaşlığı məmnunluq doğurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail
Dövlətinin Prezidenti İsxak Hersoqa bu ölkənin milli bayramı –
Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda dövlətimizin başçısı İsrail
Prezidentinə və xalqına öz adından və Azərbaycan xalqı adından ən
səmimi təbriklərini və xoş arzularını çatdırıb.

“Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında uğurla
inkişaf edən dövlətlərarası münasibətlərin təməlində tarixən
dostluq, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayan
xalqlarımızın iradəsi dayanır.

Bu gün Azərbaycan-İsrail əlaqələrinin əhatə dairəsinin
genişlənməsi, bir sıra mühüm sahələrdə ölkələrimizin fəal
əməkdaşlığı məmnunluq doğurur. Şübhəsiz, Təl-Əvivdə ölkəmizin
Ticarət və Turizm nümayəndəliklərinin açılması əməkdaşlığımızın
inkişafına, insanlararası təmasların artmasına töhfə verəcəkdir”, –
deyə təbrik məktubunda qeyd olunub.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa
və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakını xüsusi
qeyd edən Prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki,
energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər
sahələrdə qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi
üçün yaxşı imkanlar mövcuddur. Əminəm ki, xalqlarımızın
mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq
münasibətlərini genişləndirmək, əməkdaşlığımızın potensialından tam
bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Sonda dövlətimizin başçısı İsrail Prezidentinə bu bayram günündə
möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost İsrail
xalqına daim əmin-amanlıq və rifah diləyib.

Teqlər: