Mingəçevir Dövlət Universitetində riyaziyyat gecəsi təşkil olunub (FOTO)

2022-ci ilin 30 aprel tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Təhsil fakültəsinin Riyaziyyat kafedrasının
təşkilatçılığı ilə “Riyaziyyat bütün elmlərin açarıdır” adlı
riyaziyyat gecəsi keçirilib. Tədbirdə fakültənin bir qrup akademik
və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak
ediblər.

Tədbir iştirakçılarını salamlayan Riyaziyyat kafedrasının
müdiri, dosent Sahib Mustafayev tələbə gənclərin dünyagörüşünün,
bilik və bacarıqlarının artırılmasında belə təşəbbüslərin önəmini
diqqətə çatdırıb və gecənin təşkilində əməyi olan hər kəsə
təşəkkürünü bildirib.

Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev bu tipli
tədbirlərin tələbələrdə ixtisaslarını sevmələri üçün stimul
yaratdığını qeyd edib və davamlı olmasını arzulayıb.

Sonra, MDU-nun “Riyaziyyat və informatika müəllimliyi” ixtisası
üzrə təhsil alan tələbələri Nurlan Əhmədli və Nuranə Mansurovanın
moderatorluğu ilə keçirilən riyaziyyat gecəsində məruzələr
dinlənilib. Tələbələrdən Alsu Məmmədova “Heydər Əliyev və
Azərbaycan təhsili” və Arzu Ağayeva “Akademik Zahid Xəlilovun
riyaziyyat elminə töhfəsi” mövzusunda məruzələrlə çıxış
ediblər.

Daha sonra, “Faktları bilirsinizmi?” mövzusunda təqdimat
göstərilib, auditoriya ilə əyləncəli viktorina təşkil edilib və
tələbələrdən ibarət komandalar arasında yarış keçirilib.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da tələbə
gənclərin hərtərəfli inkişafına, o cümlədən onların intellektual
səviyyəsinin yüksəldilməsinə hədəflənən müxtəlif formatlı
tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

Teqlər: