Prezident İlham Əliyev: Bu gün Azərbaycan-İran əlaqələrinin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında
əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış,
ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən
qaynaqlanır. Biz belə möhkəm təməllər üzərində qurulmuş
dövlətlərarası münasibətlərimizə xüsusi önəm veririk.

Trend xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının
Prezident İlham Əliyevin İslam İnqilabının Qələbəsi Günü
münasibətilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim
Rəisiyə ünvanladığı təbrikdə yer alıb.

Təbrik məktubunda deyilir: “Bu gün ikitərəfli əlaqələrimizin
yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Ali səviyyəli
siyasi dialoq, qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan
sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir.
İqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı
fəaliyyətimizin çərçivəsinin gündən-günə genişlənməsi bunun bariz
nümunəsidir.

Aşqabadda Sizinlə qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü
məmnuniyyət hissi ilə xatırlayıram. Hesab edirəm ki, apardığımız
ətraflı fikir mübadiləsi və müzakirələr münasibətlərimizin daha da
inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına töhfə
verəcəkdir”.

Prezident İlham Əliyev Azərbaycan-İran münasibətlərinin
xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra
da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inamını ifadə edib.

Teqlər: