Prezident İlham Əliyev: Biz istifadə edəndə “Bayraktar” dronlarını xarici ekspertlər və mətbuat ölüm silahı kimi qələmə verirdilər, indi isə mələk adlandırırlar

Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur
“Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat
bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna
müharibəsində bunu mələk adlandırırlar.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“Xarici ticarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız
təxminən iki dəfə artıb. Əlbəttə, burada neftin artan qiymətləri də
nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər
artıb – 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş
vermiş hadisədir. Mən başqa ölkələrlə Azərbaycanı heç vaxt müqayisə
etməmişəm. Amma inanmıram ki, bir çox ölkələrdə buna oxşar
statistika olsun. Əlbəttə, xarici ticarət dövriyyəmiz artıb və
xarici dövlət borcumuz azalıb. Əgər keçən ilin aprel ayı ilə
müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət
borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda
cəmi 12,5 faizini təşkil edir. Yəni, biz bir il ərzində xarici
borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala
bilmişik. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası
nəticəsində mümkün olmuşdur. Mən vaxtilə qarşıya vəzifə qoymuşdum
ki, biz kreditlərin alınmasına çox böyük ehtiyatla yanaşmalıyıq.
Eyni zamanda, dövlət şirkətləri hansılar ki, vaxtilə heç kimdən
soruşmadan özbaşına müxtəlif kreditlər götürürdülər. Sonra da bu
kreditləri qaytara bilməyəndə bu ödəniş dövlətin üzərinə düşürdü.
Eyni zamanda, çox qeyri-şəffaf mənzərə müşahidə olunurdu. Buna da
son qoyuldu. İndi heç bir dövlət qurumu hökumətin icazəsi olmadan
bir manat kredit götürə bilməz. Hər götürülən kredit də hökumət
tərəfindən təsdiqlənir və kreditləri biz ancaq vacib olan
layihələrə cəlb etməliyik, yüksək texnoloji komponenti olan
layihələrə, eyni zamanda, azad edilmiş torpaqlarda həyata keçirilən
layihələrə. Digər layihələrə kreditlərin verilməsinə ehtiyac
yoxdur. Məhz buna görə biz xarici dövlət borcumuzu həm mütləq
rəqəmlərlə, həm ümumi daxili məhsula nisbətdə azaltmışıq. Təbii ki,
ümumi daxili məhsul da artıb və hələ ki, mən rəqəm səsləndirmək
istəmirəm. Amma hesab edirəm ki, əgər biz bu templərlə inkişafı
davam etsək, ilin sonuna qədər çox əhəmiyyətli bir artım olacaqdır.
Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo cəmi üç
ayda 5 milyard dollardan çoxdur. Yəni, bu, çox böyük rəqəmdir.
Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo
mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir.
Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir – bizim
ixracımız idxalı üstələyir. Əlbəttə ki, ilin sonuna qədər əminəm bu
rəqəm daha da artacaq. Həm makroiqtisadi sabitliyə bunun
əvəzolunmaz təsiri var, eyni zamanda, valyuta ehtiyatlarımızın
artması da göz qabağındadır. Üç ayda da valyuta ehtiyatlarımız
artıb. Ona görə, bütün bu göstəricilərlə biz haqlı olaraq fəxr edə
bilərik. Amma o demək deyil ki, biz bu nailiyyətlərlə
kifayətlənməliyik. Yox. İndi dünyada proseslər mənfi istiqamətdə
gedir. Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin
təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var. Dünyada ərzaq
qıtlığı ola bilər, ərzaq qiymətləri qalxır. Biz bu gün bu haqda da
danışacağıq. Onu da bildirməliyəm ki, biz bütün bu nailiyyətləri öz
zəhmətimiz hesabına qazanmışıq. Heç kimdən bir manat dəstək
almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa
edirik. Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı
kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq.
Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik. Bunu mən xüsusilə
qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı müharibələrdən, belə
dağıntılardan sonra, – Qarabağ və Zəngəzurda dağıntıların dünyada
bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar
olmamışdı, – donor konfransları, beynəlxalq təşkilatlar yığışır və
bərpa planı icra edilir. İndi yenə də İkinci Dünya müharibəsinin
tarixçəsinə nəzər salmaq kifayətdir. O vaxt Marşal planı tətbiq
edilmişdir. Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq
etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa
edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə
yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə
işğal dövründə, nə də sonra. Hətta ölkələrin əksəriyyəti işğalı
işğal kimi adlandırmaq istəmirdilər. Mənim yadımdadır, işğal
dövründə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda,
ikitərəfli formatda apardığımız danışıqlar əsnasında biz güc-bəla
ilə, zorla ölkəmizin ərazi bütövlüyü prinsipini o bəyannamələrə
saldırırdıq. Bir çoxları imtina edirdi. Halbuki bu, gün kimi aydın
idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili
standartlar, ədalətsizlik, bax, budur. Biz bunu bu gün də görürük,
Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı
işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə
edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə
verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk
adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı
ədalətsizlik budur. Bu, reallıqdır. Biz isə öz gücümüzlə yeni
reallıq yaratmışıq və yaradırıq. Ona görə bir daha demək istəyirəm
ki, mən hələ də ümid edirəm, beynəlxalq təşkilatlar, böyük fondlar,
xeyriyyəçiliklə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları
bir nəzər yetirəcəklər. Ağdam Qafqazın Xirosimasıdır. Bunu mən yox,
beynəlxalq mütəxəssislər deyir. Ağdam kimi bütün şəhərlər ermənilər
tərəfindən yerlə-yeksan edilib. Biz heç kimdən bir manat almamışıq.
Ancaq bu ədalətsizliklə barışmaq da olmaz. Mən hesab edirəm ki,
bizim qurumlarımız, hökumət, Prezident Administrasiyası,
nazirliklər, hərə öz xətti ilə bu məsələ ilə bağlı gərək ciddi
fəaliyyət göstərsin. Yardım göstərmək istəmirlərsə, desinlər ki,
biz sizə yardım etməyəcəyik. Biz də işimizi bilək. Yəni,
müharibədən təxminən bir il yarım keçibdir. Bir fond belə bizə heç
bir yardım göstərməyib. Minaların təmizlənməsi ilə bağlı –
müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır
yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var,
QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər.
Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq.
Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki,
o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis
çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu
sahədə bizə kömək göstərsinlər. Yenə də deyirəm, biz onsuz da öz
gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da,
Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan
vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir
nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan
hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar
heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili
standartlardan kənar olsunlar. Bir sözlə, bu mənzərə hər şeyi necə
deyərlər, göstərir. Bu ilin üç ayında əldə edilmiş iqtisadi
nailiyyətlər əminəm ki, ilin sonuna qədər davam edəcək. Çünki biz
görürük ki, buna nail olmaq üçün imkanlar var. Beləliklə, biz bu
ili də uğurla başa vuracağıq”.

Teqlər: