Prezident İlham Əliyev: Biz daim işsizliklə bağlı məsələlərə diqqət yetirməliyik

Azərbaycandakı müsbət demoqrafik vəziyyəti nəzərə alaraq, biz
daim işsizliklə bağlı məsələlərə diqqət yetirməliyik.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda
Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumunda çıxışı
zamanı deyib.

“Biz işsizlik səviyyəsini 5-6 faizə qədər azaltmağa nail
olmuşuq. Lakin bunu aşağı səviyyədə saxlamaq üçün biz hər il yeni
iş yerləri açmalıyıq. Çünki Azərbaycanın əhalisinin sayı, 30 il
əvvəl müstəqilliyimiz əldə olunandan bu günə qədər 7 milyondan 10
milyona qədər artmışdır və indi də artmaqdadır”, – deyə Prezident
İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bu səbəbdən biz daha çox insan üçün iş
yerlərinə sahib olmalıyıq.

“Xüsusilə də indi – dördüncü sənaye inqilabının nəticəsində bir
çox işlərin artıq mövcud olmayacağı dövrdə biz özümüzü yeni iş
sahələrinə hazırlamalıyıq. Yeri gəlmişkən, bu məsələ bizim bugünkü
müzakirələrin mövzusu olmuşdur. Biz, həmçinin təhsil sahəsində
əməkdaşlıqdan da danışdıq, xüsusilə də ölkələrimizin inkişaf
ehtiyaclarına yönələn təhsil barəsində”, – deyə dövlət başçısı
əlavə edib.

Teqlər: