Prezident İlham Əliyev: Biz 2023-cü ildə dəmir yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik

Zəngilan Hava Limanı bu il açılacaq. Orada da kifayət qədər iş yerləri açılacaq, o cümlədən gənclər üçün. İnfrastruktur layihələri, Zəngəzur dəhlizi… Biz 2023-cü ildə dəmir yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi gedir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

“Yəni, bütün bu işlərdə gənclər fəal iştirak edirlər. Çünki orada müxtəlif sahələrdə indi minlərlə insan çalışır. Nəzərə alsaq ki, azad edilmiş torpaqlar həm “Ağıllı şəhər” modeli əsasında qurulacaq, “Ağıllı kənd”, yaşıl enerji zonası – bütün bu yeni sahələr, yeni peşələr, əlbəttə, gənclərin sərəncamında olacaq. Çünki Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə biz bu siyasəti icra edəcəyik. İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Deyə bilərəm ki, bu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, bizim ərzaq təhlükəsizliyimizi təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar. Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha bələddir. Ona görə bax, bu torpaqlarda hansı işlər görülməlidir ki, oraya qayıdacaq insanlar, 30 il həsrət içində yaşamış insanlar çox gözəl şəraitlə təmin edilsin”.

Teqlər: