Prezident İlham Əliyev: Beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər

Beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü,
dövlətimizin qüdrətini nümayiş etdirirlər.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də
23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci
Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında
gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura
imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu,
çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda
hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu
münasibətlə ilk növbədə idmançıları və onların məşqçilərini, Güləş
Federasiyasını təbrik edirəm. Bu, bir daha onu göstərir ki,
Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir
və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq
yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini
nümayiş etdirirlər.

Mən bilirəm ki, idmanın bütün növlərində, o cümlədən güləş idman
növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü
idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci
olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə
səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman
mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük
qürur hissi ilə qarşılayıblar.

Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə
malikdir. Güləş bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü
güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik
dövründə. Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda
ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa
çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət
qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam
etdirir. Əminəm ki, bu yaxınlarda medallar qazanmış idmançılar
arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionları olacaqlar.
Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə əminəm ki,
Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş
ölkələrindən birinə çevirəcəkdir. Hər halda Avropada gənclər
arasında biz birinciyik və mənə verilən məlumata görə, çempionatda
34 ölkə iştirak edirdi. Bunu nəzərə alaraq, bir daha qeyd etmək
istəyirəm ki, bu, doğrudan da böyük nailiyyətdir. Əlbəttə, bütün bu
amilləri nəzərə alaraq, bu gün mən sizi dəvət etmişəm ki, şəxsən
özüm sizi təbrik edim və ümidvar olduğumu bildirim ki, gələcəkdə də
siz eyni əzmkarlıqla ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz”.

Teqlər: