Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına
müraciət ünvanlayıb.

AzerTimes-ın məlumatına görə,
müraciətdə deyilir:

“Hörmətli sərgi və forum iştirakçıları!

Hörmətli xanımlar və cənablar!

Sizi, bir neçə enerji tədbirini özündə birləşdirən, “Bakı Enerji
Həftəsi”nin açılışı münasibətilə salamlayır, hamınıza cansağlığı və
ölkələrinizin tərəqqisi naminə gələcək fəaliyyətinizdə
müvəffəqiyyətlər arzu edirəm.

Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən
mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər
Neft və Qaz” sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika
və Alternativ Enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının
xələfi olan “Bakı Enerji Forumu”nu özündə birləşdirir.

Bakı Enerji Həftəsi Azərbaycan hökumətinin uğurla mübarizə
apardığı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra yenidən
təşkil olunur. Həm canlı görüşlər, həm də bölgənin sənaye liderləri
ilə canlı dialoq sərgi və forumun əhəmiyyətini daha da artırır.
Builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji
güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji
bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya
gətirir.

Təqdirəlayiqdir ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma,
“yaşıl enerji” növlərinin artırılması, habelə əlverişli və
təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində
dialoqun əsas gündəliyini təşkil edir. Eyni zamanda Bakı Enerji
Forumu enerji sektorunun əsas tədbiri statusu qazanmış Xəzər Neft
və Qaz Konfransının ənənələrini davam etdirməklə yanaşı,
gündəliyini yeni enerji seqmentləri ilə də genişləndirmişdir.

Dünya ölkələrinin üzləşdiyi çağırışlar və qlobal enerji
balansında gözlənilən struktur dəyişikliyi region üçün də dayanıqlı
və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutlarının
müəyyən edilməsi kimi vəzifələri gündəmə gətirmişdir. Bunu nəzərə
alaraq, qlobal və regional enerji təhlükəsizliyinin təmin
olunmasında önəmli oyunçulardan olan Azərbaycan xüsusilə bərpa
olunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr
həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx
inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub
saxlanmasına dəstək verir.

Enerjinin transformasiyasında təbii qazın getdikcə daha çox
əhəmiyyət kəsb etməsi fonunda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi
daha da artır. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu
layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm
rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi
imkanları böyükdür.

Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə “yaşıl enerji”
siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilmişdir.
Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və
nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək bizim daimi
prinsiplərimizdir. 2030-cu ilədək olan dövrdə biz “yaşıl artım”
ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı
sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi
müəyyənləşdirmişik. Belə bir siyasət regionda enerji sahəsində
uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcəkdir.

Ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, müasir
infrastruktur, əlverişli biznes mühiti və böyük enerji potensialı
bərpa olunan enerji növlərinin istehsalı və ixracı sahəsində geniş
perspektivlər yaratmışdır. Azərbaycan enerji sahəsində böyük
təcrübəsi olan şirkətlərlə birlikdə bərpa olunan yeni enerji
güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına
başlayıb. Artıq 855 meqavat gücündə yeni generasiya gücləri
yaradılması sahəsində mühüm nailiyyətə imza atılıb. Bu, beynəlxalq
bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi
Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir.

Bu prosesdə enerji resurslarının diversifikasiyası,
dekarbonizasiya, eləcə də təbii qazdan aşağıkarbonlu enerji mənbəyi
kimi istifadənin artırılması xüsusi əhəmiyyət daşıyır. İşğaldan
azad edilmiş tarixi ərazilərimizin böyük enerji potensialı uğurlu
“yaşıl enerji” layihələrinin həyata keçirilməsi və regionda enerji
təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir. Məlumatlara görə,
Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin
istehsalı təxminən 9‒10 min meqavata çata bilər. Bu məqsədlər üçün
aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi
Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual layihələr
hazırlanıb, müasir bərpa olunan enerji mənbələrindən ibarət unikal
“yaşıl enerji zonası” konsepsiyasının yaradılması davam etdirilir.
Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji
potensialımız “yaşıl artım” ölkəsinə çevrilmək üçün mühüm imkanlar
vəd edir.

Dünya neft və enerji sənayesinin inkişafında xüsusi mövqeyi ilə
seçilən Azərbaycan həmçinin müxtəlif ölkələrdə genişmiqyaslı
investisiya layihələri həyata keçirməkdədir. Bu gün beynəlxalq
aləmdə etibarlı tərəfdaş kimi tanınan ölkəmizin mövqeyi daha da
güclənir. Biz üzərimizə götürdüyümüz öhdəlikləri layiqincə yerinə
yetirir və xarici sərmayədarlar üçün də əlverişli şərait
yaradırıq.

Regionda enerji təhlükəsizliyi, diversifikasiyası və “yaşıl
enerji”yə keçidin sürətləndirilməsi üçün əməkdaşlığımızı daha da
genişləndirməliyik. Perspektivdə enerji təhlükəsizliyi sahəsində
çağırışları uğurla qarşılamaq məqsədilə bu sahədə yeni
texnologiyaların və rəqəmsal həllərin tətbiqi üstünlük təşkil
etməlidir.

Hörmətli sərgi və forum iştirakçıları!

Azərbaycan, uzun müddətdir, belə qlobal əhəmiyyətli tədbirə ev
sahibliyi edir. İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində
sərgi və forumunuz aktual mövzulu dolğun məruzələrlə, müzakirə və
fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi
əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa
töhfələr verəcəkdir.

“Bakı Enerji Həftəsi”ndə fəaliyyətinizdə Sizə bir daha uğurlar
arzu edirəm!”

Teqlər: