Prezident İlham Əliyev: Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz

Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan
Ermənistan inkişaf edə bilməz.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“Əlbəttə, gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha
da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha
Azərbaycan ictimaiyyəti bunu görəcəkdir. Ermənistanın isə inkişafı
onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan
münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki,
Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan
inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların
özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını
itirmişlər. Biz isə 30 il ərzində, – baxmayaraq ki, torpaqlarımız
işğal altında idi, – tam siyasi və iqtisadi müstəqilliyə nail
olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün
kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son
şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək.
İnkişaf üçün də, bir daha demək istəyirəm ki, ilk növbədə,
Azərbaycan və Türkiyə ilə əlaqələr beynəlxalq hüquq norma və
prinsiplər əsasında normallaşmalıdır.

Qeyd etdiyim kimi, biz heç nəyi unutmamışıq və unutmayacağıq.
Ona görə müharibədən dərhal sonra bütün başqa bərpa işləri ilə
bərabər, biz həmişə olduğu kimi hərbi sahəyə də fikir vermişik.
Bildirməliyəm ki, müharibədən sonra Türkiyə və İsrail şirkətləri
ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası
başlanmışdır, bəzi kontraktların icrası başa çatmışdır, bəzilərinin
isə icrası davam edir”.

Teqlər: