Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon söhbətini müsbət qiymətləndiririk

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab
edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə
telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət
qiymətləndiririk.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici
işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də
son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz
bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı
münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək
istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim
mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin
delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq
işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair
işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox
böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz
bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə
başlayaq.

Beləliklə, bir daha demək istəyirəm, müharibədən dərhal sonra
apardığımız siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz,
ikitərəfli formatda böyük dövlətlərlə əlaqələrimiz, eyni zamanda,
Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr, bax, bu
reallıqlara gətirib çıxarıb. Onu da bildirməliyəm ki, biz
beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədə
idik. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul
etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Eyni
zamanda, 3+3 əməkdaşlıq formatının işə düşməsi də bizi sevindirir.
Birinci belə görüş keçirilmişdir. Birinci görüşün gündəliyi yox
idi. Bu, sadəcə olaraq, bu formatı yaratmaq üçün bir görüş idi.
İkinci görüş üçün gündəliklə bağlı bizim planlarımız var, hansı
məsələlər orada müzakirə olunmalıdır. Hesab edirəm ki, yaxın
gələcəkdə ikinci görüş də keçirilməlidir. Yəni, vaxt itirmək lazım
deyil. Bizə bu formatlar, sadəcə olaraq, görüntü naminə lazım
deyildir. Bu formatlar əgər konkret nəticə verməsə, onda onun
əhəmiyyəti də itəcəkdir”.

Teqlər: