Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan
əlaqələrinin bugünkü yüksək səviyyəsi məmnunluq doğurur.
Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan
sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığımızın inkişafında
mühüm rol oynayır. Biz ortaq mənəvi dəyərlərimizdən və
xalqlarımızın iradəsindən güc alan bu birliyimizi daha da
möhkəmləndirmək əzmindəyik.
Trend xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti
Arif Alviyə Pakistan Günü münasibətilə ünvanladığı təbrik
məktubunda yer alıb.
Məktubda qeyd olunub: “Keçən il Aşqabadda Sizinlə səmimiyyət və
qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir
mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki,
dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın
genişləndirilməsi sahəsində atdığımız addımlar, o cümlədən
beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız bundan
sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir”.