Prezident İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir

Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və
dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir.

AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə
Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini
qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Gənc nəsil də mütləq vətənpərvərlik
ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli
dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail
olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da
gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir
və eyni zamanda, idman uğurlarımızdır. Əminəm ki, Azərbaycan
vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də
maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş
qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki
sevinirik ki, siz buna nail olmusunuz. Bu, sizin həyatınızda çox
əlamətdar və unudulmaz hadisədir. Bu titul – Avropa çempionu, yaxud
da ki, gümüş, bürünc mükafatçısı əbədi sizinlə olacaqdır. Həm də
biz hamımız sevinirik. Çünki gənc nəsil yetişir, gənclər Vətəni
ləyaqətlə təmsil edirlər, hərə öz yerində, idmançı, hərbçi,
mütəxəssis. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi
gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə
inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki,
öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil
şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi
arenalarda qələbə qazanır”.

Teqlər: