Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş
planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş
üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də
Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə
əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Eyni zamanda, azad edilmiş hər bir rayonda kəndlərin bərpası
ilə bağlı işlərə artıq start verilmişdir. Bu haqda bu yaxınlarda
ictimaiyyətə məlumat verilmişdir. Biz kəndləri də planlı şəkildə
bərpa edəcəyik. Biz bu prosesi də mərhələlərə böldük. Birinci
mərhələdə hansı kəndlər qurulacaq, ikinci mərhələdə və sair.
Əlbəttə, kəndlərin qurulması da planlı şəkildə aparılmalıdır. Yəni,
kortəbii yox, sistemli şəkildə. Ona görə hər bir yeni yaradılacaq,
bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda
hazırlanır. Necə ki, şəhərlərin baş planları, o cümlədən Zəngilan
şəhərinin, eləcə də kəndlərin baş planları hazırlanacaq. Azad
edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar
əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə
qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz
nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm
dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey
şəffaf, tenderlər və baş planlar əsasında yaradılacaqdır. Ona görə
azad edilmiş bütün rayonlarda, o cümlədən Zəngilan rayonunda da bu
işlərə artıq hazırlıq gedir”.