Prezident İlham Əliyev: Avropada istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər

Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir
daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar.
16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini
yüksəklərə qaldırmışlar.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev
Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak
edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən bildirib.

Çempionatın yekunlarından danışan dövlətimizin başçısı deyib:
“Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə
komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük
nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə
birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha
Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki
güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri
vardır və bu ənənələr yaşayır”.

Bir müddət əvvəl gənc güləşçilərlə görüşünü xatırladan Prezident
İlham Əliyev idmançılarımızın yarışa müzəffər ölkənin və qalib
xalqın təmsilçiləri kimi çıxmasının əhəmiyyəti və ölkəmizin idman
şöhrəti barədə fikirlərini paylaşıb.

Teqlər: