Prezident bu generala elə bir hədiyyə bəxş etdi ki…

Prezident bu generala elə bir hədiyyə bəxş etdi ki…

8 Noyabr – istisnasız olaraq İlahinin bu xalqa lütfüdür; Yalnız Allahın böyük təqdiri ilə dünyanın hərbi mərkəzlərini heyrətdə qoyan sürətli müharibədə bu cür tam qələbə mümkündür.

Bu qələbənin həyatımızda, düşüncəmizdə və taleyimizdə rolu yalnız 30 ilin dəhşətinə son qoyulması ilə ölçülməz: bu təxribat içimizə 1828-də atılıb, illərlə bəslənib, himayə edilib, böyüdülüb, bədheybət yetişdirilib.

200 il ərzində bu yaralar ruhumuza, qan yaddaşımıza hopub, təhtəlşüurumuza işləyib: 8 Noyabr – buna görə təkcə Zəfər, torpaqların işğaldan azad olunması, ərazi bütövlüyü deyil, həm də ruhumuzun dincliyidir, altşüurumuzdakı düşüncə xorasının kəsilib atılmasıdır, qanımızın yenilənməsi, təzələnməsidir.

Allahın lütfüdür – ancaq Allah bu lütfü vasitəçilərlə qismət edir. Məsələn, İlham Əliyevlə; məsələn, yetişən böyük nəsillə; məsələn, canını bir an tərəddüd etmədən Vətən üçün verən igidlərlə; məsələn, Şuşanın sıldırım qayalıqlarını yüngül silahlarla, yaralı qardaşlarını çiyninə alıb qalxa bilən qəhrəmanlarla…

O ucalığa o sıldırımdan qalxmaq üçün yalnız fiziki hazırlıq kifayət etməz, ona ruh lazım – cismi də özüylə ucalığa qaldırmağı bacaran Ruh!

Bu cür ruhun yetişməsi üçün lütf gərək – illərlə, onillərlə hazırlıq gərək!

Zəfərimiz Günəş kimidir – hardan baxırsan-bax, sanırsan, yalnız sənin üstünə düşür, yalnız sənə baxır; hər kəs Zəfərin yalnız onun olduğuna inanır.

Bu gündə doğulanlar isə Şuşanın azad edilməsinin Zəfər günü olaraq təyin edilməsini sövq-təbii İlham Əliyevin hədiyyəsi sayırlar – Günəşin yalnız ona baxdığını düşünən məsum kimi…

Bu xoşbəxtlərdən biridir Əli Nağıyev: bu gün 65 yaşını Zəfər Günündə qeyd etməyi Allahın nəsib etdiyi general-polkovnik!

Əli Nağıyev peşəkardır, milli təhlükəsizlik onun fəaliyyət istiqamətidir, gənc yaşdan bu sahədə çalışıb: əməliyyatçıdır, çekistdir, düşmənin-hədəfin içinə sızmağın mahir ustasıdır. Biz bunun ən bariz nümunəsini 44 günlük savaşda və savaşdan sonra gördük.

Nəinki Qarabağda, keçmiş separatçıların içində, Ermənistanda, onun ayrı-ayrı rayonları, hətta kəndlərində də Əli Nağıyevin “gözlərini” görmək olur: ən mühüm, səhih kəşfiyyat məlumatlarını DTX təmin edirdi, edir…

Ermənilərin üzərində Əli Nağıyevin görünməyən xofu var!

Amma təkcə düşmənin içinə sızmaq, təhlükəsizliklə bağlı bütün prosesi nəzarətdə saxlamaq deyil DTX-nin işi, həm də DTX zərbə qüvvəsidir.

Yalnız bir dəfə özünü açıq şəkildə göstərdi: 2020-ci il 11 dekabrda rus sülhməramlıların meydansulayırcasına yerləşdiyi və ermənilərə növbəti nəfəs verməyə çalışdığı anda bircə zərbə ilə onlarla silahlı-separatçını rus sülhməramlıların gözünün qabağında əsir götürüb, Bakıya gətirdi; həm də rus sülhməramlıların “məsuliyyət zonasında olan” iki kəndə girdi – bu ölkənin sahibinin kimin olduğunu bir daha göstərdi.

Ordu girdisə, mütləq düşməni zəlil və darmadağın edir!

DTX necə girmişdi? Ermənilər – 26 noyabrdan sızıb gələn silahlı-terrorçu dəstə bir də onda ayılmışdı ki, artıq mühasirədədir; bir də onda ayılmışdılar ki, DTX qüvvələri iki kəndə nəzarəti ələ keçirib; rus sülhməramlıları ayılıb gəlmişdi ki… Və gəldikləri kimi də kirimişcə getmişdilər – qarşılarında dəmir iradə, dəmir nizam, mükəmməl əməliyyatçı vardı.

Əli Nağıyevin özü bu savaşda yalnız çox nadir hallarda görünüb: istər fotosu, istər adı ilə…

Ancaq erməni mediasını izləyənlər yaxşı bilir ki, Əli Nağıyev erməni separatçıların təslim olmasında, onlara qəti şərtlərin çatdırılmasında, Ermənistanla sərhəddə… – açılmasına, deyilməsinə ehtiyac olmayan hansı işlərdə birbaşa, şəxsən çəsul olub.

Erməni mediası ad çəkib, yaxud işarə edib – o materiallardan istifadə edəndə generalımızı “kölgədə” saxlamağa çalışmışıq: çünki əməliyyatdır, çünki həm də xüsusi əməliyyatdır və əgər peşəkar çekist şəxsən özü ordadırsa və bu barədə danışılmırsa, demək, əməliyyat üzərində duman qalsa yaxşıdır.

Ancaq bütün bunlar peşəkar çekistin və onun möhtəşəm komandasının, DTX qurdlarının Qələbəmizdə müstəsna xidmətlərini bilmədiyimiz anlamına gəlməz!

Əli Nağıyev 90-lardan gələn, Heydər Əliyev məktəbi keçmiş, MTN qovğalarında heç bir çirkaba bulaşmayan, hətta müqavimət göstərmədən yerini dəyişən, lazımı anda isə geri qaytarılıb, bu dağıdılmış, məhv edilmiş, 11 illik boşluq yaradılmış sistemi yenidən və sıfırdan qurmaq üçün seçilmiş, etibar edilmiş, görəvləndrilmiş şəxsdir.

Bacardımı?

– 44 günlük müharibədə Ali Baş Komandanın məxfi informasiyalarla bağlı qürurverici çıxışlarından görmək olar;

– Samvel Şahramanyanın “Araik Arutyunyanın istifadə etdiyi kanalla” Azərbaycan rəhbərinin etibarlı kadrına çıxıb, “tam kapitulyasiya” yalvarışlarını məhz onun vasitəsilə çatdırmasından təxmin etmək mümkündür…

Zəfər Günündə ad gününü qeyd edən generalımızı təbrik edirik. İnanırıq ki, DTX içimizdə və “çölümüzdə” apardığı təmizləmələrlə bizi qürurlandırmağa davam edəcək…

Teqlər: