Prezident Administrasiyasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri ilə görüş keçirilib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə ölkəmizdə reallaşan siyasi dialoq prosesi çərçivəsində siyasi
partiya rəhbərləri ilə təşkil olunan görüş və diskussiyalar davam
etdirilir. Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyevin növbəti görüşü mayın 16-da Milli Dirçəliş Hərəkatı
Partiyasının sədri Fərəc Quliyev ilə keçirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AzerTimes-a
bildiriblər ki, görüşdə Ədalət Vəliyev Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar, İkinci Qarabağ
müharibəsi, yeni geosiyasi reallıqlar, Azərbaycanın dünya siyasi
arenasında artan rolu, işğal nəticəsində Azərbaycana dəymiş ziyanın
kompensasiyası, Qarabağa Böyük Qayıdış və digər aktual məsələlər
barədə fikirlərini səsləndirib.

Şöbə müdiri siyasi dialoq, siyasi partiyaların cəmiyyətdə rolu,
müxalifətlə konstruktiv əməkdaşlıq və yaranmış sağlam mühit
haqqında geniş məlumat verib. Müvafiq istiqamətdə görülmüş işlərin
əhəmiyyətini vurğulayan Administrasiya rəsmisi bildirib ki,
Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizdə partiyaların
inkişafı üçün yaradılan şərait bilavasitə ölkə rəhbərliyinin dövlət
quruculuğu məsələlərində demokratik dəyərlərə verdiyi qiymətdən
xəbər verir.

Bütün demokratik təşəbbüslərə rəğmən, sabitliyin pozulmasına
xidmət edən təxribatlar təəssüf hissi doğurur, milli maraqların
toxunulmazlığına təhdid yaradan radikal meyillər cəmiyyət
tərəfindən qəbul edilmir və sərt tənqid olunur. Azərbaycanda uzun
illər ərzində yaşanan siyasi sabitlik dayanıqlı inkişafın əsasıdır
və bu sabitlik milli maraqlarımızın tərkib hissəsidir.

Bununla yanaşı, görüş əsnasında siyasi partiyaların gündəlik
fəaliyyəti ilə bağlı müxtəlif səpkili məsələlər, partiyaların
ictimai nüfuzu, qərargahla təmin olunması və maliyyə hesabatlarının
təqdim edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi
aparılıb.

Fərəc Quliyev 44 günlük Vətən müharibəsi zamanı yaranan birliyi
yüksək qiymətləndirərək, cəmiyyətin, o cümlədən siyasi partiyaların
nümayiş etdirdiyi həmrəylikdən danışaraq ümummilli və dövlətçilik
məsələlərində özünün və rəhbərlik etdiyi siyasi partiyanın dövlətin
yanında olduğunu xüsusi vurğulayıb.

Görüş zamanı dövlətimizin Ermənistanla sülh müqaviləsinin
bağlanması istiqamətindəki mövqeyinin də partiya tərəfindən
dəstəkləndiyi bildirilib. Fərəc Quliyev xarici siyasətdə atılan
addımları təqdir edib, bu istiqamətdə aparılan siyasətin tezliklə
bütövlükdə Qafqaz regionunda sabitliyi və dayanıqlı təhlükəsizliyi
təmin edəcəyini diqqətə çatdırıb.

Həmçinin görüşdə ölkəmizdə pandemiya ilə mübarizədə görülmüş
təbdirlər yüksək qiymətləndirilib. Bu sahədə qazanılan təcrübənin
digər ölkələr üçün də nümunə olduğu vurğulanıb.

Administrasiya rəsmisi Ədalət Vəliyev görüşün sonunda
konstruktiv əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayaraq, Fərəc
Quliyevə və onun sədrlik etdiyi siyasi partiyaya dövlətçiliyimizin
möhkəmləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar
arzulayıb.

Teqlər: