Postpandemiya dövrünün ilkin mərhələsində ehtiyatlı olmalıyıq – Kamaləddin Qafarov

“Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il may ayının
1-dən etibarən, Koronavirus (COVID-19) infeksiyasının ölkə
ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının
alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində tətbiq
olunan xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi
vasitələrdən, tibbi maskalardan istifadə tələbi ləğv edilir. Ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
dövləti pandemiyanın fəsadlarını minimuma endirmək üçün bütün
zəruri qabaqlayıcı tədbirləri vaxtında və yüksək effektivliklə
həyata keçirib. Məhz bu səbəbdən də respublikamız dünyada
postpandemiya dövrünə ən az itkilərlə daxil olan ölkələr
sıraındadır”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli
Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili
bildirib: “Pandemiya dövrünün ilk günlərindən Azərbaycan Prezidenti
cənab İlham Əliyev tərəfindən məhz insan sağlamlığı faktoru əsas
prioritet elan olundu. Dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə
infeksiyanın insanlar arasında geniş şəkildə yayılmasının
qarşısının alınması üçün vaxtında həyata keçirilən zəruri
qabaqlayıcı tədbirlər bu sahədə də Azərbaycan modelini nümunə
olaraq bir daha ortaya qoydu. Aərbaycan pandemiya dövründə də özünü
bütün dünyaya ümumbəşəri dəyərlərə sadiq qalan, mütəmadi olaraq
humanitar təşəbbüslərlə çıxış edən bir ölkə olaraq təqdim etdi.
Bunun üçün Azərbaycanın indiyədək Qoşulmama Hərəkatının sədri
qismində irəli sürdüyü bir sıra qlobal təşəbbüsləri xatırlamaq
kifayətdir. Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil
edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən
artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının
dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ayrıca
qeyd olunmalıdır. Ölkəmiz Qoşulmama Hərəkatı adından BMT-nin İnsan
Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və
universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş
və həmin qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul
olunmuşdur. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək
məqsədilə indiyədək birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı
vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir.
Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi olunub və bu iş gələcəkdə
də davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14
ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi də
davam edir”.

Millət vəkili belə bir məqamı da vurğulayıb ki, dövlətin
karantin rejiminin yumşaldılması istiqamətində atdığı addımlar
vətəndaşlarda məsuliyyət hissini bir qədər də yüksəltməlidir:
“Əlbəttə ki, bu gün artıq 2020-ci il deyil və dövlətimizin vaxtında
həyata keçirdiyi pandemiya əleyhinə qabaqlayıcı tədbirlərin yüksək
effektivliyi sayəsində Azərbaycan hal-hazırda postpandemiya
dövrünün astanasındadır. Lakin bununla yanaşı, COVID-19 infeksiyası
hələ də öz ciddiliyini qoruyur. Buna görə də insanlar məhz
postpandemiya dövründə, xüsusilə də ilkin mərhələlərdə son dərəcə
diqqətli davranmalı və yeni yoluxma özəklərinin yaranmaması üçün
bütün ehtiyat tədbirlərini görməlidirlər. Nəzərə almaq lazımdır ki,
Nazirlər Kabinetinin sözügedən qərarında xüsusi olaraq vurğulanır
ki, may ayının 1-dən etibarən beynəlxalq hava limanı ərazisində və
ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan
istifadə artıq məcburi xarakter daşımasa da, bununla belə hələ də
tövsiyə edilir. Əlbəttə, yaxşı olardı ki, vətəndaşlar bu kimi
tövsiyyə xarakterli çağırışlara ciddi yanaşsınlar. Yalnız bu halda
COVID-19 pandemiyasının mümkün geridönüşünün qarşısını almaq
mümkündür.”

Teqlər: