Postmüharibə dövründə 30 mindən çox şəxsə sosial müdafiə dəstəyi göstərilib – Nazir müavini

Xəbər - Elçin Mehdiyev – Trend:

Postmüharibə dövründə 30 mindən çox şəxsə sosial müdafiə dəstəyi göstərilib, 7900-dən çox şəhid ailəsi üzvlərinə 15700-dən artıq sosial ödəniş həyata keçirilib.

AzerTimes-ın məlumatına görə, bunu Memorial.az saytı – “Yaddaş kitabı”nın təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Nazir müavini bildirib ki, bu il Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə sosial ödənişlərdə ciddi artımlar müşahidə olunub:

“Bunun nəticəsində Vətən Müharibəsi Qəhrəmanı olan şəxslərə aylıq 2000 manat ayrılıb, müharibə əlillərinin təqaüdləri artırılıb.

2021-ci ildə mənzil və fərdi ev təminatı 5 dəfə artırılıb, növbəti illərdə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. Bu il isə 3000 mənzil və fərdi ev veriləcək ki, artıq 1600-ü təqdim olunub.

Hərbi əməliyyatlardan sonra bütün şəhid ailələri ziyarət olunub, ehtiyacları öyrənilib. Mühüm tədbirlərdən biri odur ki, 142 hərbçi son nəsil yüksək texnologiyalı protezlə təmin edilib, 1500 qaziyə reabilitasiya xidmətləri göstərilib. 8000 vətəndaş aktiv məşğulluq tədbirlərinə cəlb olunub, “Məşğulluq marafonu” ilə də 765 şəhid ailəsi üzvü işlə təmin edilib. Şəhid ailəsi üzvlərinin sosial xidmətlərə və digər hərbi, tibbi xidmətlərə çıxışı üçün Vahid Əlaqələndirmə Mərkəzindən 1000-ə yaxın bu təbəqəyə aid şəxslər istifadə ediblər. Sosial Xidmətlər Agentliyi tərəfindən “Unudulmaz” mobil tətbiqi hazırlanır. İyunda bu tətbiqin ilkin təqdimatı olub, bu, şəhid və qazilərimizin döyüş yolu, təltifləri, cəmiyyətə daha yaxından tanıdılması üçündür, onların cəmiyyətə daha yaxından tanıdılması məqsədini daşıyır. Eyni zamanda, “Vətən dastanı” filminin də təqdimatı olub, burada torpaqların işğaldan azad edilməsindən, Zəfərimizdən danışılır, şəhid ailələri və qazilərə həsr olunub. Dünəndən anım günü ilə bağlı tədbirlərə start verilib, növbəti 44 gün ərzində silsilə tədbirlər keçiriləcək, şəhid övladları ilə “Tut əlimdən” və “Hərə bir qəhrəman oldu” layihələri reallaşdırılır. Digər layihə olan “Xarı Bülbül” sərgisində müharibə əlilliyi olan şəxslərin əl işləri təqdim olunur”.

Teqlər: