Piyadanı vurub hadisə yerindən yayınan şəxs saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan naməlum şəxsin yeri müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, fevral ayının 15-də saat 08 radələrində Tərtər rayonunun Hüsənli kəndi ərazisində yolu keçmək istəyən piyadanın müəyyən edilməyən avtomobillə vurulması barədə RPŞ-yə məlumat daxil olub. Hal-hazırda piyadanın vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücünün Müşviq Qasımov olduğu müəyyən edilib. O, yol qəzasını törətdiyi avtomobillə birlikdə saxlanılaraq Tərtər RPŞ-yə gətirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Teqlər: