Pirallahıda “İlham Əliyev: Böyük yolun davamçısı. İslahatlar siyasətinin davamı” mövzusunda tədbir keçirilib (FOTO)

Aprelin 21-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə “İlham Əliyev: Böyük yolun davamçısı. İslahatlar siyasətinin
davamı” mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra
Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkilləri – Milli
Məclisin Elm və təhsil komitəsinin sədr müavini,
Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Musa Qasımlı və Milli Məclisin Əmək və sosial siyasət;
Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev,
rayonda fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşları,
şəhid ailələri və müharibə veteranları iştirak etmişdir.

İlk öncə şəhidlərimizin əziz xatirəsi yad edilmiş, sonra
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin
başçısı Vasif İmanov konfrans iştirakçılarını salamlayaraq, bütün
müsəlmanları müqəddəs Ramazan ayı münasibəti ilə təbrik etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
dövlətimizin qüdrətlənməsi naminə gördüyü əvəzsiz xidmətlərdən
danışan natiq bildirdi ki, cənab İlham Əliyev Ümumilli lider Heydər
Əliyev siyasətinin sadiq və layiqli davamçısıdır. Aprelin 6-da
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin
vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan
Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş zamanı ayın
sonuna qədər ikitərəfli delimitasiya və demarkasiya üzrə
komissiyanın yaradılması ilə bağlı razılığa gəlindiyini söyləyən
natiq vurğuladı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində
qazandığı tarixi Qələbə ilə regionda yeni reallıqllar yaradıb.
Ermənistanın revanşistlərı bilməlidir ki, onlar bir daha baş
qaldırsa Azərbaycanın dəmir yumruğu hazır vəziyyətdədir. BMT
Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmaması, ATƏT-in
Minsk qrupunun 28 illik fəaliyyətsizliyi buna gətirdi ki,
Azərbaycan özü 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbə
ilə bu məsələni həll etdi.

Sonra “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft Qaz
Çıxarma İdarəsinin rəisi Ramin Quliyev çıxış edərək qeyd etdi ki,
1994-cü ildə Ümummilli lider Heydər Əliyevin “Əsrin müqaviləsi”ni
imzalamaqla yeni neft strategiyasının və Azərbaycan xalqının uğurlu
gələcəyinin əsasını qoymuşdur. Neft sazişləri imzalandığı vaxtdan
Azərbaycanın yeni inkişaf erasına qədəm qoyduğunu vurğuluyan
R.Quliyev neft sənayesinin əhəmiyyətindən ətraflı danışmış, milli
sərvətimiz olan neftin uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara
normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla
harmoniyada yaşamaq üçün ən vacib vasitələrdən biri olduğunu qeyd
etmişdir. Ümumilli lider Heydər Əliyevin neft strategiyasını
2003-cü ildən ölkəmizə rəhbərlik edən cənab Prezident uğurla
inkişaf etdirmişdir. Natiq çıxışında neft sənayesi rayonu olan
Pirallahının timsalında bu siyasətin bariz nümunəsinin görüldüyünü
qeyd etmişdir.

Sonra millət vəkili Musa Qasımlı çıxış edərək bildirdi ki,
2021-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyinin 30-cu
ildönümünü qeyd etmişdir. 30 illik zamanda dövlətimizin və
cəmiyyətimizin qarşısında 3 vacib amil- dövlət müstəqilliyini
möhkəmləndirmək, ölkənin inkişafının açarını tapmaq və Ermənistan
təcavüzünün qarşısını almaq məqsədləri dururdu. 1991-1993-cü
illərdə ölkədə hökm sürən xaos və anarxiyanın qarşısını 1993-cü
ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider
Heydər Əliyev almışdır. Dahi şəxsiyyətin uzaqgörən siyasəti
nəticəsində xalqımız bu bəlalardan qurtarmış, iqtisadi inkişafa və
sabitliyə doğru ciddi addımlar atılmışdır. 2003-cü ildə Azərbaycan
Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev ölkəmizin
modernləşməsini və daha da qüdrətlənməsini qarşısına məqsəd
qoymuşdur. Ölkəmizin qazandığı bütün uğurlarda Ulu öndər Heydər
Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olduğu “Əsrin müqaviləsi”
sayəsində iqtisadiyyatımız güclənmiş, hərbi-sənaye kompleksimiz
yaradılmış, vətəndaşlarımızın maddi-rifah halı yaxşılaşdırılmış və
şanlı ordumuz 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızı
azad etmişdir. M.Qasımlı qeyd etmişdir ki, Azərbaycan xalqı
milli-mənəvi və vətənpərvərlik dəyərlərinə sadiq qalaraq cənab
Prezidentin ətrafında birləşib gələcəyə əmin addımlarla
irəliləyəcəkdir.

Millət vəkilli Rauf Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım
Əliyeva Pirallahı rayonuna bir neçə dəfə səfərlər etmişdir. Bu
səfərlərin hər biri əhalidə yüksək əhval ruhiyyə yaratmaqla,
rayonun inkişafına güclü təkan vermişdir. Ən gənc rayon statusuna
malik olan Pirallahıda gedən abadlıq və quruculuq işləri cənab
İlham Əliyevin apardığı uğurlu siyasətin və islahatların
təzahürüdür.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Vətən
müharibəsi iştirakçısı, Süpay Məmədova “Suqovuşanın azad olunmasına
görə” medalıını təqdim edərək ona uğurlar arzuladı.Şəhid
ailələrinin təklifləri dinlənilmiş və sualları
cavablandırılmışdır.

Teqlər: