Peyvənd olunmamış və yoluxmuş hər bir şəxs ətrafındakı insanlar
üçün infeksiya mənbəyidir.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, professor Hüseyn Qabulov deyib.
Onun sözlərinə görə, peyvəndlər immunitet sisteminə spesifik
mikrob və viruslara qarşı lazımi qoruyucu antikor hüceyrələrinin
yaranmasına kömək edir. Patogen mikroblar bədənə daxil olanda, bu
hüceyrələr zərərli mikrobları tez və effektiv şəkildə tanıya və
zərərsizləşdirə bilirlər.
“Bəzi insanlar xəstəlikdən sonra infeksiyaya qarşı immunitetin
davamlı və “təbii” olduğuna inanırlar. Bir şəxs yoluxucu xəstəliyi
nisbətən asanlıqla keçirsə belə (məsələn, pnevmokok, meningokok və
ya hemofil infeksiyasını), ona qarşı immunnitet adətən
qeyri-sabitdir və yoluxanlar yenidən xəstələnməmək üçün
peyvəndlənməlidir.
Əgər insan peyvənd olunmazsa və xəstələnərsə, bu, ciddi fəsad,
əlillik, beyin, qaraciyər və digər orqanların zədələnməsinə səbəb
ola bilər. Vaxtında edilən peyvənd, əksinə, bizi bu cür arzuolunmaz
nəticələrdən qoruyur.
Daha bir məqamı nəzərə almaq vacibdir ki, peyvənd olunmamış və
yoluxmuş hər bir şəxs ətrafındakı insanlar üçün infeksiya
mənbəyidir”, – deyə o əlavə edib.