“Peşə öyrən, işsiz qalma” devizi altında “Mühafizəçi” kursu üzrə təlimlər keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Azpetrol LTD” MMC-nin birgə əməkdaşlığı çərçivəsində Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən “Azpetrol LTD” MMC-nin bir qrup əməkdaşına “Mühafizəçi” kursu üzrə təlim keçirilib. Təlimlərdə xüsusi, psixoloji, texniki, tibbi hazırlıq, yanğınsöndürmənin əsasları kimi mövzular tədris edilib, nəzəri qiymətləndimə həyata keçirilib.

Həmçinin, Agentlik tərəfindən “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan “Peşəkar” layihəsi çərçivəsində həyata keçirilən “Mühafizəçi” kursunun ikinci qrupu üzrə müsahibə mərhələsi yekunlaşıb. Müsahibədən uğurla keçən 8 namizəd kursda iştirak hüququ qazanıb.

Kursun müddəti 1 aydır və bu müddət ərzində iştirakçılara nəzəri və praktiki biliklər tədris edilir. Qeyd edək ki, “GESCO” ASC ilə əməkdaşlıq çərçivəsində təşkil olunan kursa bu günə kimi 259 işsiz şəxs müraciət edib. Kursu müvəffəqiyyətlə bitirən bir qrup şəxs isə iş ilə təmin edilib.


Kursa Azərbaycan vətəndaşı olan, həqiqi hərbi xidməti bitirmiş, məhkumluğu olmayan, boyu 170 sm-dən yuxarı, 20-50 yaş arasında fiziki cəhətdən tam sağlam, minimum orta təhsilli kişi namizədlər müraciət edə bilər.

Namizədlər Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə Ərazi məşğulluq filiallarına və “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər.

Teqlər: