Pentaqon Baydenin Quantanamonu bağlamaq planını dəstəkləyir

Pentaqon Quantanamo həbsxanasının bağlanması zərurəti ilə razıdır, lakin bu vəziyyətdə milli təhlükəsizlik hədəflərinə zərər verməyəcək şəkildə hərəkət etməyin vacib olduğunu qeyd edir.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Con Kirbi bildirib.

O deyib: “Müdafiə naziri [Loyd] Ostin prezident [Cozef] Baydenin Quantanamo həbsxanasını bağlamaq niyyətini dəstəkləyir və bu prosesdə ortaq olmağı planlaşdırır”.


Daha əvvəl Ağ Ev Baydenin Quantanamo həbsxanasını bağlamaq planını təsdiqləyib. Amerikalılar tərəfindən 1903-cü ildən eyni adlı şəhərdən 15 km məsafədə, Kubanın Quantanamo körfəzində kirayəyə götürülən dəniz bazasında yerləşir. Xatırladaq ki, dəniz bazası ərazisində xüsusi həbsxana yaradılması qərarı Pentaqon tərəfindən prezident kiçik-Corc Buş administrasiyasının antiterror proqramı çərçivəsində qəbul edilib.