Pelosinin İrəvana “güclü dəstəyi” – Rusiyaya meydan oxuyur

Pelosinin İrəvana “güclü dəstəyi” – Rusiyaya meydan oxuyur

Xəbər verdiyimiz kimi, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistanın paytaxtı İrəvana səfər edib.

AzerTimes xəbər verir ki, onu hava limanında Ermənistan parlamentinin sədri Alen Simonyan qarşılayıb. Qarşılama mərasimində ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi və onun ABŞ-dakı erməni həmkarı Lili Makunts da iştirak edib.

Pelosi ilə birgə İrəvana Nümayəndələr Palatasının Enerji və Ticarət Komissiyasının sədri Frank Pallon, erməni əsilli konqresmenlər Anna Eşu və Ceki Spier səfər ediblər.

Pelosinin səfəri sentyabrın 17-19-u üçün nəzərdə tutulub.

Pelosi Ermənistan Baş naziri Nikol Paşinyan, parlamentin sədri və digər yüksək vəzifəli Ermənistan rəsmiləri ilə görüşərək ikitərəfli münasibətləri və mövcud təhlükəsizlik vəziyyətini müzakirə edəcək.

Pelosi Vaşinqtonun mövcud olmayan ATƏT-in Minsk qrupunun həmsədri və Ermənistanın çoxdankı dostu kimi Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanmasına tərəfdar olduğunu vurğulayıb.

Qeyd olunur ki, Pelosi müstəqillik əldə etdikdən sonra Ermənistana səfər edən ən yüksək rütbəli ABŞ rəsmisidir.

Pelosinin səfər öncəsi ermənipərəst bəyanatları da diqqətdən yayınmayıb.

“Biz fəxr edirik ki, 2019-cu ildə Nümayəndələr Palatasının konqresmen Adam Şiffin təqdim etdiyi 1915-ci il “erməni soyqırımı”nı tanıyan 296 saylı qərarından sonra Ermənistana səfər edirik. Nəzərə alın ki, Bayden “erməni soyqırımı”nı rəsmi olaraq qəbul edən ilk prezidentdir.

Bu səfər Vaşinqtonun çiçəklənən, demokratik Ermənistana, o cümlədən Cənubi Qafqazın stabilliyi və təhlükəsizliyinə güclü dəstəyidir”.

O, nümayəndə heyətinin tərkibinə “çoxdandır ki, Ermənistanı dəstəkləyən konqresmenlərin” daxil olduğunu da bildirib.

Zəruri olaraq xatırladaq ki, MKİ rəhbərinin İrəvana gözlənilmədən etdiyi səfərdən sonra nensi Pelosinin də Ermənistana gəlişi ciddi mətləblərdən xəbər verir. Bu, əlbəttə ki, Rusiyanı qətiyyən razı salmayacaq.

Teqlər: