“Pediatrik immunologiya və infeksion xəstəliklər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb (FOTO)

1 mart 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi
Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “1 mart Ümumdünya
İmmunitet Günü”nə həsr olunmuş “Pediatrik immunologiya
və infeksion xəstəliklər”
mövzusunda Beynəlxalq Elmi
Konfrans öz işinə başlayıb.

Açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını
salamlayan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi
Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev
sağlam immun sisteminin təməlinin məhz uşaqlıq dövründə qoyulduğunu
vurğulayıb. Uşaqların sağlam böyüməsi və inkişafının dövlətin
sosial siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən
İ.Əfəndiyev Mərkəzi Gömrük Hospitalında uşaq sağlamlığının təmin
olunması istiqamətində təşkil edilmiş yüksək səviyyəli tibbi
xidmətlər barədə geniş məlumat verib və pandemiyadan öncəki
müddətdə Mərkəzi Gömrük Hospitalında uşaqlara göstərilən tibbi
xidmətlərin beynəlxalq standartlara əsaslandığını vurğulayıb. O,
Mərkəzi Gömrük Hospitalında göstərilən xidmətlərin daha da
təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq fəaliyyətlərin
icra edildiyini qeyd edərək təmir bərpa işlərinin həyata
keçirildiyi Hospitalın yeni korpusu barədə ətraflı məlumat verib və
təmir-bərpa işlərindən sonra keçmiş Dənizçilər Xəstəxanasının
Mərkəzi Gömrük Hospitalının yeni korpusu olaraq ana və uşaq
sağlamlığı sahəsində fəaliyyət göstərəcəyini vurğulayıb.
İ.Əfəndiyev bu sahədə peşəkar kadr heyətinin rolunu da xüsusilə
vurğulayaraq müvafiq ixtisaslı həkimlərin beynəlxalq təcrübədən
faydalanmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Elmi
proqramın zənginliyi baxımından konfransın mütəxəssislərarası
təcrübə mübadiləsinin təmin edilməsində mühüm rola malik olduğunu
qeyd edən İ.Əfəndiyev çıxışının sonunda iştirakçıları interaktiv
müzakirələrdə aktiv olmağa dəvət edib və konfransın işinə uğurlar
arzu edib.

Konfransın rəsmi açılış hissəsində eyni zamanda Səhiyyə
Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya
şöbəsinin müdiri Rüstəm Hüseynov, Səhiyyə Nazirliyinin baş
pediatrı, “Baku Medical Plaza Klinikası” nın Pediatriya və
neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov və Sağlık Bilimleri
Üniversiteti Başakşehir Çam və Sakura Xəstəxanasının professoru
Merih Çetinkaya da çıxış edib. Rəsmi hissədə çıxış edən qonaqlar
mövzunun aktuallığını vurğulayaraq immun sistem və infeksion
xəstəliklər arasında mövcud olan əlaqədən bəhs ediblər. Spikerlər
eyni zamanda mühüm əhəmiyyət kəsb edən tibbi mövzularla bağlı
beynəlxalq əhəmiyyətli elmi tədbirlərin təşkilinə görə Dövlət
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə təşəkkür ediblər.

Rəsmi hissədən sonra konfransın K.Fərəcova adına Elmi-Tədqiqat
Pediatriya İnstitutunun direktoru, t.ü.f.d Allahverdi Musayev və
Sağlık Bilimleri Üniversiteti Başakşehir Çam və Sakura
Xəstəxanasının professoru Merih Çetinkayanın moderatorluğu ilə
“Uşaqlarda immun sistemin formalaşması” paneli, Səhiyyə
Nazirliyinin baş pediatrı, “Baku Medical Plaza Klinikası”nın
Pediatriya və neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov və
Ankara Üniversiteti Tibb Fakultəsinin professoru Nazan Çobanoğlunun
moderatorluğu ilə “Uşaqların immun sistemində yaranan problemlər”
paneli və Mərkəzi Gömrük Hospitalının
pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova və Sağlık
Bilimleri Üniversiteti Başakşehir Çam və Sakura Xəstəxanasının
professoru Merih Çetinkayanın moderatorluğu ilə “Vaksinasiya”
paneli ilə öz işini davam etdirməsi planlaşdırılıb.


ZOOM platforması üzərindən pediatr, neonatoloq, immunoloq,
anestezioloq-reanimatoloq, infeksionist, uşaq-cərrahı və revmatoloq
ixtisasına malik 500 nəfərədək həkimin iştirakı ilə öz işinə
başlayan konfransın 2 gün ərzində Mərkəzi Gömrük Hospitalının rəsmi
facebook səhifəsi üzərindən də canlı yayımlanması nəzərdə
tutulub.

Qeyd edək ki, Türkiyə və Azərbaycanın professor-həkim heyəti
tərəfindən ümumilikdə 6 paneldə 17 məruzənin dinləniləcəyi
Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin
akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 16 DTT
balı ilə qiymətləndirilib.

Teqlər: