Pedaqoji Universitetdə “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” adlı tədbir keçirilib (FOTO)

Mayın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər
Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Azərbaycan
tarixinin Heydər Əliyev mərhələsi” adlı tədbir keçirilib.

Tədbirdə Universitetin rəhbərliyi, fakültə dekanları, kafedra
müdirləri, müvafiq struktur bölmələrin rəhbərləri,
professor-müəllim heyəti və fəal tələbələr iştirak ediblər.

Öncə iştirakçılar İncəsənət və fiziki tərbiyə fakültəsinin
tələbələrinin əsərlərindən ibarət rəsm sərgisi ilə tanış
olublar.

Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra ulu öndərin
həyat və fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş
olunub.

Çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki,
ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə cəmi 1 il
qalır. Qarşıdakı dövrdə Azərbaycanın şəhər və rayonlarında, idarə,
müəssisə və təşkilatlarda, o cümlədən Pedaqoji Universitetdə
əlamətdar yubiley münasibətilə xüsusi fəaliyyət planı hazırlanacaq
və il ərzində çoxsaylı tədbirlər keçiriləcəkdir.

Heydər Əliyevin dünyanın nadir dühalarından biri olduğunu qeyd
edən rektor vurğulayıb ki, o, xalqımızın çoxəsrlik tarixində
yetişdirdiyi ən görkəmli dövlət xadimləri sırasında uca yer tutur.
Heç şübhəsiz, XX əsrin sonu-XXI əsrin əvvəllərində Azərbaycana
Heydər Əliyev kimi təcrübəli bir şəxsin rəhbərlik etməsi xalqımızı
böyük bəlalardan qurtardı. Məhz Heydər Əliyev faktoru 1993-cü ildə
ölkəmizi tam işğal olunmaq, bir neçə hissəyə parçalanmaq, yenicə
qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
Azərbaycan demokratik və hüquqi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu yoluna qədəm qoydu, ölkədə möhkəm ictimai-siyasi
sabitlik bərqərar edildi.

Natiq diqqətə çatdırıb ki, Heydər Əliyevin 10 il ərzində
formalaşdırdığı möhkəm bünövrə əsasında cənab Prezident İlham
Əliyevin addımbaaddım həyata keçirdiyi ardıcıl, məqsədyönlü, zərgər
dəqiqliyi ilə ölçülüb-biçilmiş siyasət sayəsində 2020-ci ilin cəmi
44 günü ərzində düşmən ordusu darmadağın edildi, təcavüzkar
Ermənistan biabırçı təslim aktını imzalamağa məcbur oldu. Təxminən
il yarımdır ki, Prezident İlham Əliyevin və Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın bilavasitə rəhbərliyi və nəzarəti altında düşmən
tapdağından azad olunmuş torpaqlarımızda genişmiqyaslı
tikinti-quruculuq və bərpa-abadlıq işləri aparılır, Qarabağa böyük
qayıdışın tezləşməsi üçün zəruri addımlar atılır.

Prof. C.Cəfərov deyib: “Bu gün ulu öndərin ən böyük arzusu
reallığa çevrilib: müstəqil Azərbaycan Respublikası postsovet
məkanında öz ərazi bütövlüyünü silah gücünə, ildırımsürətli
müharibə yolu ilə bərpa edə bilmiş ilk və yeganə ölkə olub. Bugünkü
Azərbaycan məhz Heydər Əliyevin görmək istədiyi müasir, müstəqil və
qüdrətli Azərbaycandır”.

Sonra çıxış edən prof. Oqtay Sultanov Heydər Əliyevin həyat yolu
və siyasi fəaliyyəti haqqında geniş məruzə edib. Tələbələr adından
söz alan Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Tərlan
Ağayev isə dahi şəxsiyyətin gənclərlə bağlı uzaqgörən siyasətindən
söz açıb.

Bədii hissədə İncəsənət və fiziki tərbiyə fakültəsinin müəllimi
Cavid Hüseynov Heydər Əliyevin ən çox sevdiyi xalq mahnılarından
biri olan “Küçələrə su səpmişəm”, fakültənin tələbə xor kollektivi
isə mərhum bəstəkar Nailə Mirməmmədlinin “Ulu öndər” mahnısını ifa
ediblər. Həmçinin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi
Bilqeys Abbasova “Ulu öndər” şeirini səsləndirib.

Sonda Universitetin bir neçə müəllim və tələbəsinə ümummilli
lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyasının
üzvlük vəsiqələri təqdim olunub.

Teqlər: