PCR test ləğv edilsə, turistlərin sayında artım olacaq – AzTA

Pandemiyanın səngiməyini nəzərə alsaq, ölkəmizə daha çox turist
cəlb edə bilərik.

Bunu AzerTimes-a açıqlamasında “Azərbaycan Turizm Assosiasiyası”
(AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov
deyib.

Onun sözlərinə görə, əsasən də Rusiyadan turist axınını artırmaq
olar.

“Turist axınını bərpa etmək üçün ilk növbədə ölkəmizə
gediş-gəlişi asanlaşdırmaq lazımdır. Quru sərhədlərimiz bağlıdır.
Təyyarə ilə gələnlərdən isə koronavirusla bağlı PCR test və vaksin
pasportu tələb olunur. Ölkəmizə gəlmək istəyən turist PCR test üçün
əlavə xərcə düşməməyə görə səyahətdən imtina edir. Bir çox
ölkələrdə vaksin pasportu varsa, PCR testə ehtiyac olmur. PCR test
yığışdırılsa, turistlərin sayında artım olacaq”,- deyə Assosiasiya
sədri bildirib.

Bundan başqa Ə.Qurbanovun sözlərinə görə, turist cəlbi üçün
infrastruktur genişləndirilməlidir:

“Yayda əsasən turistlər çimərlik turizminə üstünlük verirlər.
Xəzər dənizində sahiboyu hotellərin sayı artmalıdır. Çimərliyə
çıxışı olan hotellərin çox olması turistlərin ölkəmizə daha çox
gəlməsinə səbəb olacaq. Digər turizm növlərinin ölkəmizdə tətbiqini
artırmaq lazımdır. Gəmi, çadır, dağ, qatar turizmini geniş tətbiq
edərək daha çox turist cəlb edə bilərik”, – Ə.Qurbanov deyib.

Teqlər: