Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə
Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq
Müzəffər Nərimanov küçəsinin əsaslı təmir işlərinə start
verilib.
AAYDA-dan AzerTimes-a bildirilib ki, uzunluğu 1830 metr təşkil edən
sözügüdən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini
əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Ortalama eni 12 metr təşkil edən Müzəffər Nərimanov küçəsində
hazırda yararsız səki və bordür daşlarının yenilənməsi işləri
aparılır.
Layihə ardıcıllığına uyğun olaraq daha sonra yeni asfalt-beton
örtüyünün döşənməsi, mövcud yağış-kanalizasiya sisteminin bərpası,
yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya
xətlərinin baxış qapaqlarının yenilənməsi nəzərdə tutulub.
Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri,
piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə
vətəndaşların istifadəsinə veriləcək.
İşlərin yekunlaşmasına uyğun olaraq Nərimanov rayonunda 2022-ci
ilin “İnvestisiya Proqramı” çərçivəsində Fətəli xan Xoyski
prospektinin, həmçinin Əliəşrəf Əlizadə, Ülvi Bünyadzadə, Məsud
Əlizadə, Əbdüləzəl Dəmirçizadə, Tələt Şıxəliyev küçələrinin də
əsaslı şəkildə təmir olunması nəzərdə tutulub.
Qeyd edək ki, 2021-ci ildə Nərimanov rayonunda ümumi uzunluğu 11
km-dən çox olan 15-dən artıq küçə təmir olunub.