“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirib (FOTO)

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən müstəqil Azərbaycan
dövlətinin banisi, müdrik dövlət xadimi və xalqımızın Ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə
silsilə tədbirlər təşkil edilib. Tədbirlər Heydər Əliyevin zəngin
irsinin yaşadılması, gənclərə milli ruhun, Vətənə və xalqa məhəbbət
hisslərinin aşılanması məqsədilə təşkil olunub.

Silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin, üzv və
könüllülərin iştirakı ilə Fəxri Xiyabanda Ulu Öndərin məzarı
ziyarət edilib. Gənclər dahi şəxsiyyətin əziz xatirəsini yad edərək
məzarı önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiyada “Böyük
Qayıdış” Gənclər Təşkilatının əməkdaşları, könüllü və üzv gənclər
iştirak ediblər. Gənclər Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev
Muzeyi ilə yaxından tanış olub və burada nümayiş olunan, Ümummilli
liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və
foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar haqqında
ətraflı məlumat əldə ediblər.

Həmçinin, gənclərin iştirakı ilə Ulu Öndərin xatirəsinə həsr
olunmuş “Kod Qarabağ” adlı məntiqi-intellektual komanda oyunu
keçirilib. Oyunun məqsədi Qarabağı, işğaldan azad olunmuş əraziləri
gənclərə daha ətraflı tanıtmaq olub. “Zəfər”, “Dəmir yumruq”,
“Bayraqdar”, “Murov”, “Qayıdış”, “Xudafərin” və ”Ərgünəş” adlı
gənclərdən ibarət yeddi komanda Qarabağla bağlı şifrələrdən ibarət
olan sualları cavablandırıb. Üç mərhələdən ibarət oyunda ən çox
suala düzgün cavab verən “Ərgünəş” komandası qalib elan olunub.
“Qayıdış” və “Dəmir Yumruq” komandaları müvafiq olaraq 2-ci və 3-cü
yerləri tutublar. Qaliblər sertifikat və medallarla təltif olunub,
onlara hədiyyələr təqdim edilib.

Teqlər: