Xəbər - Çingiz Səfərli – Trend:
Bakının bəzi hissələrində hələ də istiliyin verilmədinə dair sosial şəbəkələrdə məlumatlar yayılıb.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev hazırda belə bir problemin olmadığını və qazanxanaların tam şəkildə işlədiyini bildirib.
“İstilik dünən verilib. Temperaturu tədricən qaldırırlar. Hardasa hava düşür. Tənzimləmənin aparılması 1-2 gün vaxt aparır. Qısa müddətdə işlər normal rejimə düşəcək” – deyə o qeyd edib.
Qurum rəsmisi gecə saatlarında bəzi yerlərdə temperaturun azaldılması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.
“Belə məlumatların heç bir əsası yoxdur. Əksinə axşam saatlarında hava soyuduğu üçün qrafikə uyğun olaraq temperaturu artırırlar” – deyə o bildirib.
Qeyd edək ki, hazırda “Azəristiliktəchizat” ASC-yə məxsus 559 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilir.
Twitter: @cingizsafarli