Pay torpaqlarının sənədləşdirilməsi subsidiyaların alınmasını sadələşdirəcək – Ekspertdən AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend

Azərbaycanda mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlanılıb.

Bu istiqamətdə görülən işlər Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir

Pay torpaqları ilə bağlı mülkiyyət sənədləri əvvəlki Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının verdiyi dövlət aktlarından ibarət idi. Bu sənədlərin təkmilləşdirilməsi üçün qərar qəbul olunub ki, həmin torpaqların güzəştli yollarla sənədləşməsi həyata keçirilsin.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib.

“Zaman-zaman pay torpaqlarının sənədləşməsi ilə bağlı ciddi problemlər olub. Bir neçə il qabaq Dövlət Aqrar İslahat Komissiyası torpaq islahatı keçirərkən texniki imkanlar indiki səviyyədə deyildi. Əvvəllər elektron cihazlar olmadığına görə torpaqlar metrəylə, addımla ölçülürdü. Buna görə də ərazilərin kəsişmələri, üst-üstə düşmələri, müəyyən uyğunsuzluqlar var idi. Bu səbəblərdən kifayət qədər məhkəmə mübahisələri olurdu. Bunların aradan qaldırılması üçün vacib şərtlərdən biri həmin torpaqlara çıxarışların alınması və ərazi ilə bağlı texniki pasportlar verilərkən dəqiq kordinatların müəyyən olunması idi. Hazırki cihazlar imkan verir ki, hər vətəndaşın pay torpaqlarının bölgüsünü dəqiqliklə müəyyən etsinlər“


“Bu proses daha da aktivləşməlidir. Belə olduqda vətəndaşlar öz torpaqlarından təyinatı üzrə rahatlıqla istifadə edəcəklər. Pay torpaqlarının reyestrdə olması subsidiyaların alınmasını bir qədər də sadələşdirəcək. – deyə, ekspert bildirib.”- deyə, ekspert bildirib.

Qeyd edək ki, artıq ölkənin bir çox rayonlarında (Beyləqan, İmişli, Bərdə, Saatlı, Ağsu, Kürdəmir, Şamaxı, Qax, Yardımlı, Ağstafa, Sabirabad və Neftçala) vətəndaşlara səyyar qeydiyyat xidmətləri göstərilib. Mülkiyyət sənədləri almamış vətəndaşlar ödənişsiz şəkildə, yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə Xidmətin mobil ofislərinə yaxınlaşaraq pay torpaqlarına dair çıxarış üçün qeydiyyat xidmətlərindən yararlanıblar.

Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsidir. Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi həmçinin, vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır.

Teqlər: