Pay torpaqlarının sənədləşdirilməsi prosesi nəzərdə tutulandan daha tez yekunlaşa bilər

Mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət
vəsaiti hesabına sənədləşdirilməsi prosesinin nəzərdə tutulandan
daha tez yekunlaşacağı proqnazlaşdırılır.

Bu barədə AzerTimes-a İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidməti tərəfindən görülən tədbirlər, aparılan təbliğat işləri
nəticəsində ötən ilin dekabr ayından 18 aprel 2022-ci il
tarixinədək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay
torpaqlarına sahib olan 17.742 ailənin ərizəsi qəbul olunub. 9.521
torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz
əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Xidmət tərəfindən
ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri
qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim ediləcək.

Qeyd edək ki, görülən işlər Azərbaycan Respublikası
Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi
məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanından irəli
gələn vəzifələrin icrası olaraq həyata keçirilir.

Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılması, kənd
təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan
faydalanmasının təmin edilməsidir. Qeydiyyat xidmətlərinin birbaşa
yerlərdə göstərilməsi isə vətəndaşların əmlak hüquqlarından daha
səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat
şəkildə yararlanmasına imkan yaradır.

Teqlər: