Paşinyanın “sülh mətni hazırlamaq” tapşırığı… – Ekspert

Paşinyanın “sülh mətni hazırlamaq” tapşırığı… – Ekspert

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyevin AzerTimes-a müsahibəsi:

– 31 avqustda İlham Əliyevlə Paşinyan arasında Brüssel görüşü oldu. Dünən isə Ermənistan mediasında Paşinyanın öz komandasına sülh sazişinin mətni üzərində işi sürətləndirməyi tapşırması haqqında xəbərlər yayıldı. Digər tərəfdən isə demək olar ki, son bir həftədir Azərbaycanın Laçın və Kəlbəcərdəki mövqeləri atəşə tutulur. Sizcə, Ermənistan sülh müqaviləsi imzalamaq məsələsində səmimidirmi?

– İlk olaraq onu qeyd edim ki, İrəvan Bakının sülh müqaviləsi ilə bağlı təqdim etdiyi 5 maddəlik baza prinsiplərini qəbul edib. Eyni zamanda Ermənistan hərtərəfli sülh müqaviləsinin imzalanması üçün Qarabağ məsələsinin də həll edilməli olduğunu bildirib. Əslində burada qarşı tərəfin “status” məsələsini yenidən aktuallaşdırmaq istədiyi hamıya aydındır. Ümumiyyətlə isə sülh müqaviləsinin imzalanması üçün danışıqların aparılması mərhələsi uzun prosesdir. Paşinyanın sülh müqaviləsinin qısa zamanda hazırlanması niyyəti ilə bağlı erməni mətbuatında informasiyalar yayılsa da, qısa zaman ərzində bunun mümkün olacağını zənn etmirəm. Çünki xarici qüvvələr Paşinyan hökumətinə sərbəst hərəkət imkanı vermir. Biz bunu Minsk Qrupu və s. ilə əlaqədar verilən açıqlamalarda da görürük.

– Sizcə, Ermənistanda hökumətin siyasi qanadı ilə hərbi qanadı arasında fikir ayrılıqları varmı?

– Paşinyan iqtidara gəldikdən sonra hərbi sahədə müəyyən islahatlar keçirməyə çalışdı, yüksək rütbəli hərbçilər istefaya göndərildi, yer dəyişikləri oldu. Lakin bütün bunlara baxmayaraq o, hərbi qanadı tam şəkildə nəzarət altına almağa nail olmadı. İndi də biz Ermənistanda yüksək rütbəli hərbçilərin Paşinyana qarşı çağırışlarını eşidirik. Hətta onlar sülh müqaviləsi imzalandığı halda belə, bunun müvəqqəti olacağını və sona qədər vuruşacaqlarını, “itirilmiş torpaqları” geri qaytaracaqlarını qeyd edirlər. Bir çox hallarda isə sözügedən qruplar mövqelərimizin atəşə tutulması ilə prosesə nail olmaq istəyirlər. Bu, həm də bölgədə sülh prosesinin uzanmasını istəyən güclərin də Ermənistanda hərbi qanada təsir imkanlarının olduğunu göstərir.

– Sentyabrın 19-da separatçıların qondarma “xarici işlər naziri” David Babayan ABŞ Konqresində “status” və “arsaxın təhlükəsizliyi” haqqında çıxış edəcək. Sizcə, bu səfərin təşkilinə İrəvan qarşıdırmı, yoxsa tərəflər arasında “razılaşdırılmış döyüş” var?

– Fikrimcə, sözügedən səfər Paşinyan hökumətinin razılığı olmadan gerçəkləşir. Hətta Paşinyanın Babayanın yerinə başqa birinin getməsi üçün çalışdığı haqqında informasiyalar da mövcuddur. Səfər Amerika Erməni Milli Komitəsinin (ANCA) təşkilatçılığı ilə keçirilir. Diasporla İrəvan arasında əvvəldən ciddi ziddiyətlərin mövcudluğu hamıya aydındır. Erməni diasporu qəti şəkildə sülhün əleyhinədir və prosesi əngəlləmək üçün çalışır. Vaşinqton da Minsk Qrupunu yenidən aktivləşdirmək istədiyi üçün David Babayanın “status” haqqında ABŞ Konqresində çıxışına imkan yaradır. Oktyabr ayında Ermənistanda diaspor təşkilatlarının ümumi konfransı keçiriləcək. Həmin konfransa dəvət olunacaq simaları gördükdən sonra hər şey daha da aydın şəkildə ortaya çıxacaq. Lakin bütün hallarda rəsmi Bakının mövqeyinə heç bir şey təsir edə bilməz. Çünki bizim mövqeyimiz ədalətə, beynəlxalq hüquqa əsaslanır və Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa məcburdur.

Teqlər: