Paşinyanın son çırpıntıları: Daxili auditoriyanı sakitləşdirməyə çalışır

Xəbər - Humay Ağacanova – Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə və ya cəngəllik siyasəti aparmaqda ittiham edib. Bəs, 30 il Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin adı nədir? Hələ bu gün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin ünsürləri qalmaqdadır. Azərbaycanın Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır.

Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunduğu sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub. Paşinyan öz nitqində Qarabağı yenə də “Artsax” adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirir. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin açıq nümunələridir.

Politoloq Elxan Şahinoğlu Trend-ə açıqlaması zamanı Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarının daxili və xarici auditoriyaya hesablandığını qeyd edib.

“Daxili auditoriyanı sakitləşdirməyə çalışır ki, iki gündən sonra Soçidə Ermənistana zidd olan heç bir sənədə imza atmayacaq. Xarici auditoriyaya da mesajı bundan ibarətdir ki, guya Azərbaycan Ermənistana qarşı aqressiv siyasət yürüdür, bu səbəbdən beynəlxalq mərkəzlər böyük dövlətlər Azərbaycana təzyiq göstərməlidir. Zəngəzur dəhlizi ilə bağlı səsləndiriyi fikirlərdə də dəhlizin olmayacağını, ancaq kommunikasiya xətlərinin olacağını bildirir. Əgər dəhliz yox, kommunikasiya xətləri olacaqsa ,bu da Azərbaycan üçün faciəli gedişat deyil. Bu zaman biz də çox rahat bir şəkildə Laçın dəhlizi məsələsini qaldıra bilərik” – deyə, o bildirib

Politoloq qeyd edib ki, əgər Ermənsitan bizə Zəngəzur dəhlizindən istifadə etməyə imkan vermirsə və sərhədçilər Azərbaycan vətəndaşlarının pasportlarını yoxlayacaqsa, biz nə üçün Laçından Ermənsitana dəhliz verməliyik?!

“Soçidə, əslində, sərhədlərin müəyyənləşməsi ilə bağlı kommissiyanın yaradılması, məncə, razılaşdırıla bilər. Kommunikasiya məsələlərində irəliləyiş olsa, bu ətrafda fikir mübadilələri aparılacaq. Lakin Paşinyanın son açıqlamaları məntiqsizdir. Sülh sazişi ilə bağlı onu deyir ki, guya 1991-ci ildə SSRİ dağıldıqdan sonra Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanıyıb. Bu necə tanımaqdır ki, 1991-ci ildən bir-iki il sonra Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qaldı. Bizə belə dırnaqarası tanınma lazım deyil. Ermənistan qətiyyətli şəkildə Qarabağı da Azərbaycanın ərazisi kimi tanımalıdır. Bu olmadan heç bir sülh sazişindən söhbət gedə bilməz” – deyə, E.Şahinoğlu vurğulayıb.

Teqlər: