Paşinyan sülh sazişini imzalamağa hazır deyil – İsti şərh

Paşinyan sülh sazişini imzalamağa hazır deyil – İsti şərh

Ermənistan Baş naziri Nikol Paşinyan martın 14-də İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, sülh sazişilə bağlı Bakıya göndərdikləri təkliflərə cavab alıblar. Paşinyan Bakının cavabında sülh sazişinin imzalanması üçün irəliləyiş olduğunu desə də əlavəsini unutmayıb: “Daha çox irəlilədikcə fundamental problemlərin sayı artır”.

AzerTimes xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Nikol Paşinyan “fundamental problemlər” dedikdə nələri nəzərdə tutub?

Birincisi, Paşinyan Bakıdan aldığı cavabdan bu qənaətə gəlib ki, Azərbaycan sülh sazişi vasitəsilə Ermənistana qarşı ərazi iddialarını reallaşdırmaq istəyir. Yəqin Paşinyan Azərbaycanın Qərbi Zəngəzurun məşkunlaşdırılmasıyla bağlı siyasətini nəzərdə tutub. O bunu Ermənistana qarşı ərazi iddiası kimi qəbul edir. Halbuki, söhbət ərazi iddiasından deyil, azərbaycanlıların qovulduqları yerlərə qayıtmaq hüququndan gedir. Qarabağda ermənilər yaşayacaqlarsa, Qərbi Zəngəzurda da azərbaycanlıların yaşaması təmin olunmalıdır. Paşinyan bu ədalətli modelin əleyhinədir.

İkincisi, Nikol Paşinyan hesab edir ki, Azərbaycan Ermənistanla sülh sazişi vasitəsilə “Dağlıq Qarabağda etnik təmizləmə mandatı” əldə etmək istəyir. Yəni Paşinyan demək istəyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Qarabağda ermənilərin kütləvi köçü həyata keçiriləcək və bu halda İrəvan buna mane ola bilməyəcək. Paşinyan bu zaman “genosid” ifadəsini işlədib. Reallıqda Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olması şərti mövcuddur.

Üçüncüsü, Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalayacağı halda bunun yerinə yetiriləcəyinə dair təminat tələb edib, bunsuz sənədin işlək olmayacağını bildirib və misal olaraq Azərbaycanın 2020-ci ilin 10 noyabr bəyanatına əks olaraq yolun “bağlandığını” göstərib. Paşinyan sülh sazişinə beynəlxalq təminat istəyir. Belə bir təminat Azərbaycanın maraqlarına zidd deyil, sadəcə Ermənistanla sülh sazişi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından fərqli olacaq.

Dördüncüsü, Nikol Paşinyan Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin İrəvan üçün ilkin əhəmiyyət daşıdığını vurğulayıb. Belə çıxır ki, Paşinyan sənəddə Qarabağla bağlı müddəanın əks olunması fikrindən imtina etməyib. Bu, Azərbaycanın maraqlarına ziddir.

Beləliklə, İkinci Qarabağ müharibəsi Nikol Paşinyana dərs olmayıb. Paşinyan sülh sazişini imzalamağa hazır deyil, vaxtı uzatmağa çalışır. Ancaq Ermənistanın baş naziri vaxtı uzadarkən bölgədə müharibə riskinin artdığını da etiraf edib”, – politoloq bildirib.

Teqlər: