Paşinyan məşhur daşnakı ölkədən qovdu

Paşinyan məşhur daşnakı ölkədən qovdu

Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun”nun Büro üzvü, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyanın Ermənistana girişinə qadağa qoyulub.

AzerTimes xəbər verir ki, bu barədə “Daşnaksütyun”nun Bürosunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bu gecə izahat və əsaslandırma olmadan Murad Papazyanın Ermənistana girişinə qadağa qoyulub:

“Onilliklər boyu Ermənistan, Qarabağ və Hay Data uğrunda mübarizə aparmış milli xadimə qarşı bu cür münasibət öz şəxsi niyyətindən, xırda addımdan və düşməni sevindirməyin primitiv təzahüründən başqa bir şey deyil. Əminik ki, Fransa Respublikasının Milli Günü olan Bastiliyanın alınması günündə Fransada tanınmış və hörmətli erməni vətəndaşının sərbəst hərəkət hüququnun kobud şəkildə pozulması Fransanın hakimiyyət orqanları tərəfindən layiqincə qiymətləndiriləcək.

Türkiyədə və Azərbaycanda arzuolunmaz şəxs elan edilən Murad Papazyanın indi Paşinyan hakimiyyəti üçün arzuolunmaz şəxs olması təəssüf doğurur. Bu, milli xadimləri hədəfə almaq və diaspor ermənilərini Ermənistandan uzaqlaşdırmaq üçün Paşinyanın tanış ssenarisidir. Bu, ümumerməniçilik ideyasını reallaşdırmaq səylərinə zərbədir, Ermənistanda demokratiyanın ciddi geri çəkilməsi və diktaturanın bərqərar olmasının bariz təzahürüdür”.

M.Papazyan özü “Feysbuk”da yazıb ki, bu gecə İrəvana çatan kimi onu girişdə saxlayıblar və pasportunu alıblar, polis onu geri uçan təyyarəyə qədər müşayiət edib.

“Türkiyə və Azərbaycana girişimin qadağan edildiyini bilirdim və indi də öyrəndim ki, bu, Paşinyanın Ermənistanına da aiddir…” – deyə M.Papazyan yazıb.

Teqlər: